Prokuror və köməkçisinə 17 il həbs

İyunun 2-də güclü leysan zamanı Göyçay çayı üzərindəki körpü uçmuşdu.

İsmayıllı rayonunun keçmiş prokuroru Ülvi Abbasov 9 il, onun köməkçisi olmuş Faiq Quliyev isə 8 il azadlıqdan məhrum edilib. Noyabrın 1-də Şəki Ağır Cinayətlər Məhkəməsində Rəşid Hüseynovun sədrlik etdiyi hakimlər kollegiyası onların haqqında belə hökm çıxarıb. Sabiq prokuror CM-in 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 311-ci (rüşvət alma) maddələriylə, köməkçisi isə yalnız rüşvət almaqda təqsirli biliniblər.

İddia olunur ki, prokuror və köməkçisi karxana sahiblərindən rüşvət alıblar. İttihamda yazılıb ki, «İsmayıllı Tikinti-27» ASC-nin İdarə Heyətinin sədri Azad Əliyevdən, başqa bir karxana sahibi Qalib Süleymanovdan rəhbərlik etdiyi müəssisələrin fəaliyyətiylə əlaqədar cinayət işi başlanmaması üçün bu ilin iyulunda rüşvət alınıb.

Lakin Ü.Abbasov və F.Quliyev özlərini təqsirli bilməyib və rüşvət alma ittihamını qəbul etməyiblər.

Onların hər ikisi iyulun 25-də vəzifədən azad edilib.

2018-ci il iyunun 2-də Göyçay rayonu ərazisində güclü leysan zamanı Bakı-Şamaxı-Yevlax yolunun 217-ci kilometrində Göyçay çayı üzərindəki körpü uçmuşdu. Araşdırmalar zamanı üzə çıxıb ki, körpünün uçmasına qum-çınqıl yataqlarında aparılan qanunsuz istismar işləri səbəb olub. Baş Prokurorluğun yaydığı məlumatda bildirilirdi ki, bu hadisədən sonra prezidentin tapşırığı əsasında ayrı-ayrı şəhər və rayonlarda fəaliyyət göstərən 250-yə yaxın qum-çınqıl karxanasından 81-də monitorinq aparılıb. Aşkarlanan qanunsuzluqlarla bağlı CM-in 192-ci (qanunsuz sahibkarlıq), 255-ci (yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işləri başlanıb.

«ATF» MMC-nin təsisçisi Fəxrəddin Muradov, «Azpod» MMC-nin qum-çınqıl zavodunun direktoru Nəcməddin Əliyev, «Elnicat» MMC-nin direktoru Bəhruz Sadayev, «Titanik-5» MMC-nin təsisçisi Şahin Məmmədov, fiziki şəxslər Natiq Zakirov, Nazim Qasımov, Nəriman Yəhyayev həbs olunub. «Azəraqrartikinti» ASC-nin Göyçay qum-çınqıl filialının istehsalat rəisi Allahverdi Allahverdiyev və «Gülövşə» MMC-nin təsisçisi Mahir Allahverdiyev cinayət məsuliyyətinə cəlb edilsə də, onların barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.