Vüqar Səfərlinin əmlaklarının müsadirəsi ilə bağlı qərar ləğv edilib

Vüqar Səfərli

Martın 28-də Azərbaycan Ali Məhkəməsi ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli və onunla birlikdə həbsdə olan digər şəxslərlə bağlı qərardan verilmiş kassasiya şikayətinə baxıb.

Müdafiə tərəfindən “Turan” Agentliyinə verilən məlumata görə, məhkəmə Vüqar Səfərli və digər müttəhimlərin əmlakının müsadirə edilməsi barədə qərarı ləğv edib.

Üstəlik, Ali Məhkəmənin işi əmlaklarla bağlı hissəyə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytardığı bildirilir.

Bununla belə, Ali Məhkəmənin Apellyasiya Məhkəməsinin ittihamın mahiyyəti üzrə qərarını qüvvədə saxladığı deyilir.

Hələlik, müdafiə tərəfinin açıqlamasını Ali Məhkəmənin özündən dəqiqləşdirmək mümkün olmayıb.

Azərbaycanda bundan əvvəl də mənimsəmə və başqa ittihamlarla həbs edilib, müxtəlif əmlakları müsadirə edilən keçmiş vəzifəli şəxslərdən bir çoxuna sonradan əmlakları geri qaytarılıb.

Buna da bax: Azərbaycan redaktorlara görə təzminat ödəyəcək

Xatırlatma

Vüqar Səfərli, onunla birgə ittiham olunan şəxslər mənimsəmə və başqa ittihamlarla üzləşiblər.İş jurnalistlər üçün tikilən binalarda mənimsəmə iddialarından bəhs edib.

2021-ci ilin dekabrında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vüqar Səfərli 10 il 6 ay, digərləri isə müxtəlif müddətlərə həbsə məhkum ediliblər.

Onlar məhkəmədən bəraət almalarını istəyirdilər.