Vuçiç istefa verib

Aleksandr Vuçiç

Serbiya Prezidenti Aleksandr Vuçiç sentyabrın 27-də istefa verdiyini açıqlayıb. O, oktyabrda keçiriləcək seçkilərdə ölkə parlamentinə namizəd olacaq.

Vuçiç 2027-ci ildə prezidentlik müddətinin başa çatmasını gözləmədən vəzifəsindən ayrılacağını iyunun sonunda bildirmişdi. O, hakim Serbiya Tərəqqi Partiyasının seçki siyahısına başçılıq edəcək, baş nazir postuna namizəd olacaq. Bosniya əsilli avstriyalı politoloq Vedran Cihiç 2026-cı ilin iyununda “Die Presse” qəzetinə müsahibəsində Vuçiçin istefa haqda açıqlamalarını baş nazir vəzifəsini tutmaq üçün bir gediş kimi qiymətləndirmişdi.

Aleksandr Vuçiç İyulda “Die Presse”yə müsahibəsində partiyasının oktyabr seçkilərində qələbə şansını yüksək qiymətləndirib. “Üç aydan sonra bir çox ölkədəkindən xeyli demokratik keçəcək seçkilərdə qalib gələcəyik. Serbiyanı iqtisadi baxımdan daha güclü edəcəyik”, – o deyib.

Sentyabrın 7-də Serbiya hökuməti Vuçiçdən ölkənin birpalatalı parlamenti Xalq Skupşinasını buraxmağı, növbədənkənar seçki təyin etməyi xahiş edib. Vuçiç də belə edib. Seçki oktyabrın 25-də keçiriləcək. Serbiya Konstitusiyasına əsasən, seçki kampaniyasına 45 gündən 60 günədək vaxt ayrılmalıdır.

Vuçiç 12 il prezident postunda olub. Onun ikinci prezidentlik müddəti 2027-ci ildə başa çatmalı idi. Konstitusiyaya görə, eyni şəxs iki müddətdən artıq prezident ola bilməz.

Serbiya parlament respublikasıdır. İcra hakimiyyəti bütünlüklə baş nazirin rəhbərlik etdiyi hökumətə məxsusdur. Ancaq prezidentin də, xüsusilə xarici siyasət və təhlükəsizlik sahələrində bir sıra səlahiyyətləri var.