Virtual reallıq autizmli uşaqları işə yönəldir

Autizmli uşaqlar

«Microsoft» şirkətinin tədqiqatçıları autizmli uşaqları iş mühitinə alışdıracaq yeni addım atıb.

Şirkət Böyük Britaniyada keçirilən seminar çərçivəsində virtual reallıq texnologiyasından faydalanmaqla, belə uşaqları proqramlaşdırma işlərinə cəlb edib.

Bu məqsədlə 7-9 yaşlı 22 nəfər autizmli uşaqdan ibarət qrup yaradılıb. Həmin qrup «Windows 10 Mobile» əməliyyat sistemli smartfonlarda, virtual reallıq gözlük və kaskasından yararlanmaqla, özünü proqramlaşdırmada sınayıb.

Qrup üzvləri virtual dünyada müxtəlif obyektlər yarada, yaratdıqları təsvirləri yükləyə biliblər.

«Microsoft» ekspertləri əmindirlər ki, seminar autizmdən əziyyət çəkən uşaqları proqramçı fəaliyyətinə həvəsləndirəcək və gələcəkdə onlara Böyük Britaniyada iş imkanları açacaq.