Fevralın 4-də Azərbaycan Prezidenti İlham Əliyevin, Fransanın Avropa İttifaqına (Aİ) sədrliyi qismində bu ölkənin Prezidenti Emmanuel Makronun, Aİ Şurasının Prezidenti Şarl Mişelin və Ermənistan baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda görüş keçirilib.
Bu barədə Azərbaycan Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Görüş Fransa Respublikasının Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə gerçəkləşib.
AZƏRTAC-ın xəbərinə görə, görüş zamanı əvvəlcə Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə 2021-ci il dekabrın 14-də Brüsseldə keçirilmiş birgə görüşün əhəmiyyəti vurğulanıb.
Qeyd edildiyinə görə, sonra Brüssel sülh gündəliyinin davamı olaraq Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına dair ətraflı müzakirələr keçirilib:
“Bu xüsusda, tədbirin əvvəlcədən müəyyən edilmiş gündəliyinə uyğun olaraq, iki ölkə arasında münasibətlərin müxtəlif aspektləri, o cümlədən humanitar məsələlər, etimad quruculuğu, Azərbaycanın üzləşdiyi mina problemi, kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və demarkasiyası, sülh sazişi üzrə danışıqların başlanması kimi məsələlərə dair fikir mübadiləsi aparıldı.”
Delimitasiya qonşu dövlətlər arasında dövlət sərhədinin ümumi mövqeyinin və istiqamətinin danışıqlar yolu ilə müəyyənləşdirilməsidir. Demarkasiya xətti isə müvəqqəti barışıq zamanında sülh müqaviləsi, yaxud hər hansı sazişlə daimi sərhədlər müəyyənləşənə qədər ölkələri ayıran xəttə deyilir.
Bildirildiyinə görə, İlham Əliyev müzakirə olunan məsələlər barədə Azərbaycanın mövqeyini bir daha vurğulayıb:
“Prezident İlham Əliyev Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin taleyinin, kütləvi məzarlıqların yerinin müəyyənləşdirilməsi, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi sahəsində Azərbaycana beynəlxalq dəstəyin artırılması, dəmir yolu və avtomobil yolu ilə nəqliyyat dəhlizinin açılması məsələsinə xüsusi olaraq diqqət verdi”.
Məlumata görə, dövlət başçısı Birinci Qarabağ Müharibəsi zamanı 71-i uşaq, 267-si qadın və 326-sı ahıl olmaqla ümumilikdə 3890 Azərbaycan vətəndaşının itkin düşməsini söyləyib:
“Prezident İlham Əliyev qeyd etdi ki, Vətən müharibəsinin (İkinci Qarabağ Müharibəsi) başa çatmasından bəri mina partlayışı nəticəsində 36 nəfər Azərbaycan vətəndaşı həlak olub, 165 nəfər isə yaralanıb.”
Bildirildiyinə görə, görüşdə, həmçinin UNESCO-nun (BMT-nin Elm,Təhsil və Mədəniyyət üzrə ixtisaslaşan qurumu) Azərbaycana və Ermənistana missiyası məsələsi də müzakirə olundu və missiyanın hər iki ölkəyə göndərilməsinə dair razılıq ifadə edildi.
Xatırlatma
2020-ci ildə, İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində (Azərbaycanın Laçın rayonu Ermənistanla sərhəddə yerləşir) və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.
Ötən il isə tərəflər bölgədə nəqliyyat əlaqələrinin bərpa və inkişafı ilə bağlı daha iki bəyanat imzalayıblar.
Qarabağ münaqişəsi müasir mərhələdə 1988-ci ildə başlayıb. Daha sonra Ermənistan və Azərbaycan arasında silahlı toqquşmalar baş verib. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.