Azərbaycan Vidadi İsgəndərliyə təzminat ödəyəcək

Vidadi İsgəndərli

Martın 17-də Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) keçmiş prokuror Vidadi İsgəndərlinin işi üzrə qərarını elan edib.

Hüquqşünas Xalid Ağalıyevin AzadlıqRadiosuna bildirməsinə görə, o, saxlanma şəraitindən şikayətlənib və qeyd edib ki, barəsindəki məhkəmə araşdırmaları ədalətli olmayıb.

Hüquqşünasın vurğulamasına görə, hökumət isə bildirib ki, ərizəçinin saxlanma şəraiti bütün standartlara cavab verib: "Həm də qeyd edilmişdi ki, cinayət prosesini həyata keçirən orqanlar, eləcə də daxili məhkəmələr ərizəçinin şikayətlərini hərtərəfli araşdırıb və nəticədə onun iddialarını təsdiq edən hər hansı fakt çıxmayıb".

AİHM ərizəçinin yalnız azadlıq və toxunulmazlıq hüququnun pozuntusu ilə bağlı iddialarını qəbuledilən sayıb: "Yekunda Məhkəmə ərizəçinin Konvensiyanın 5.3-cü maddəsi ilə təminat altına alınan hüquqlarının (məhkəməyə qədər həbs üçün əsasların olmaması) pozulduğuna qərar verib. Hökumət ərizəçiyə mənəvi zərər əvəzi 3 min, xərc və məsrəflərə görə 500 avro təzminat ödəməlidir".

Qərara, hələlik, Məhkəmə Hüquq Şurası və Azərbaycandakı başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Vidadi İsgəndərli 2011-ci ildə Cinayət Məcəlləsinin 159.4.1 (Seçki hüquqlarının həyata keçirilməsinə hədələmə və zor tətbiq etməklə mane olma) və 160.2.1-ci (Seçki komissiyalarının işinə hədələmə, zor tətbiq etməklə müdaxilə) ilə ittiham olunub. Baş Prokurorluğun məlumatına görə, V.İsgəndərli 2010-cu ilin noyabrın 7-də Milli Məclisə keçirilən seçkilər zamanı 89 saylı Göyçay-Ağdaş dairə seçki komissiyasından daxil olmuş məlumat əsasında həbs olunub. O, 3 il müddətinə həbs olunmuşdu. V.İsgəndərli özünü təqsirli bilməmişdi. O, 2012-ci il dekabrın 28-də əfv fərmanı ilə azadlığa buraxılıb. Hazırda mühacirətdədir.