Azərbaycanda İkinci Dünya müharibəsinin iştirakçılarına, onların dul həyat yoldaşlarına, habelə həmin dövrdə Leninqradın (Sankt-Peterburq) müdafiəsində və arxa cəbhədə fədakarlıq göstərmiş şəxslərə birdəfəlik maddi yardım veriləcək.
Bu barədə aprelin 24-də prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən, müharibə iştirakçılarına 2 min 750 manat, digər kateqoriyadan olan şəxslərə isə 1 min 500 manat birdəfəlik yardım ödəniləcək.
Yardımların maliyyələşdirilməsi üçün Azərbaycan Prezidentinin ehtiyat fondundan 3 milyon manat vəsait ayrılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, sərəncamın ümumilikdə 2 minə yaxın şəxsə şamil olunacağı gözlənilir. Onlardan yalnız 13 nəfəri İkinci Dünya müharibəsinin birbaşa iştirakçılarıdır.
Ötən il bu say 21 nəfər olaraq açıqlanmışdı. Həmin şəxslərə isə bundan az – 2 min 500 manat mükafat verilmişdi.
Sərəncam sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bir çox istifadəçi narazılıq edir ki, son aylar Bakı və ətrafında yağıntılar ciddi fəsadlar törədib, lakin sel nəticəsində ziyan çəkənlərə kompensasiya verilməyib.
Xatırlatma
Hər il mayın 9-da Azərbaycanda, eləcə də Rusiya və dünyanın bir çox digər ölkələrində faşizm üzərində Qələbə Günü rəsmi şəkildə qeyd olunur. Bu il həmin tarixi qələbədən 81 il ötür."
İkinci Dünya müharibəsi 1939-cu ildə faşist Almaniyasının Polşaya hücumu ilə başlayıb. 1941-ci il iyunun 22-də isə Hitler Almaniyası SSRİ-yə – o cümlədən Azərbaycana (1991-ci ildə müstəqilliyini bərpa edib) hücum edib.
1945-ci ildə başa çatan müharibə ilə əlaqədar Qələbə Günü Avropa ölkələrində mayın 8-də qeyd olunsa da, Ukrayna istisna olmaqla keçmiş SSRİ məkanında mayın 9-na üstünlük verilir.
Bu müharibədə Azərbaycandan SSRİ ordusu sıralarında 660 min nəfər iştirak edib. Onlardan təqribən yarısının geri dönmədiyi bildirilir.