Bir həftədə 3 vəkil həbs edilib. Biri Ramiz Mehdiyevin qızının vəkili olub

Vəkillər Kollegiyası

Son bir həftə ərzində Azərbaycanda üç vəkil həbs olunub. Noyabrın 14-də 25 saylı Vəkil Bürosunun üzvü Raman Abışov, noyabrın 16-da 9 saylı Vəkil Bürosunda fəaliyyət göstərən Elçin Əmirov, noyabrın 17-də gecə saatlarında isə "Alyans" Vəkil Bürosunun direktoru Orxan Kəngərli saxlanılıb.

Adları çəkilən vəkillər fərqli vaxtlarda və ayrı-ayrı cinayət işləri çərçivəsində həbs ediliblər.

R.Abışov dələduzluq və hədə-qorxu ilə tələbetmədə ittiham olunur. Cinayət işində avtomobil alqı-satqısı zamanı yaranan mübahisədən və hədə-qorxu ilə pul tələb edilməsindən bəhs olunur. Həmin iş üzrə vəkil Abışovla yanaşı, digər şəxslərin də məsuliyyətə cəlb edildiyi bildirilir.

R.Abışov Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin qızı Kamilə Əliyevanın mülki məsələlərlə bağlı məhkəmə işlərində vəkili olub. Amma onun həbsinin bu işlərlə hər hansı əlaqəsinin olub-olmadığı hələlik məlum deyil. R.Mehdiyev dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə cəhd və cinayət yolu ilə qazanılmış əmlakın leqallaşdırılması maddələri ilə 14 il şərti həbs cəzasına məhkum edilib.

E.Əmirova qarşı da Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Onun vətəndaş şikayəti əsasında saxlanıldığı deyilir.

Əmirov Bakıda həbsdə olan Qarabağ separatçılarından – "Dağlıq Qarabağ Respublikası"nın keçmiş "parlament sədri" Davit İşxanyanın məhkəmə prosesində onun hüquqlarını müdafiə edib.

Noyabrın 19-da axşam saatlarında barəsində həbs qətimkan tədbiri seçilən O.Kəngərli isə CM-in 236-cı (narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakına təhrik etmə) və 240-cı (güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi) maddələri ilə ittiham olunur.

AzadlıqRadiosunun əldə etdiyi məlumata görə, vəkillərin heç biri irəli sürülən ittihamlarla razılaşmır və özünü təqsirli bilmir.

Orxan Kəngərli

"Müdafiə hüququnun kobud pozulmasıdır"

O.Kəngərlinin vəkili Sevda Məhərrəmova müvəkkilinin müdafiə hüququnun kobud şəkildə pozulduğunu bildirib. Bu barədə sosial media hesabında yazan vəkilin sözlərinə görə, noyabrın 19-da günorta saat 12:00-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gedib orderini göstərsə də, onu nə Kəngərli ilə görüşdürüblər, nə də istintaqa buraxıblar: "İki dəfə "102" qaynar xəttinə zəng vurub məlumat vermişəm. Amma müdafiə etdiyim şəxslə nə görüşə, nə də onun barəsində məlumat ala bildim. Bu da müdafiə hüququnun kobud pozulmasıdır".

İlkin istintaqda O.Kəngərlinin şübhəli və təqsirləndirilən şəxs qismində dindirilmələri zamanı ona dövlət hesabına vəkil təyin olunub. Ailəsinin müqavilə bağladığı S.Məhərrəmovanın prosesdə iştirakına isə yalnız noyabrın 19-da axşam saatlarında – Nərimanov rayon Məhkəməsində barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılarkən icazə verilib.

Vəkil O.Kəngərli bir neçə il əvvəl də polis bölməsində peşə fəaliyyətini icra edərkən zorakılığa məruz qalması ilə gündəmə gəlmişdi. O bildirmişdi ki, 2019-cu il martın 31-də oğurluğa görə saxlanılan müvəkkilinin hüquqlarını müdafiə etmək üçün Binəqədi rayonu, 4-cü polis bölməsinə gedib və orada döyülərək azadlığı məhdudlaşdırılıb. Həmin vaxt tibbi ekspertiza da vəkilin bədənində xəsarət izlərinin aşkarlandığını təsdiqləmişdi.

Daxili İşlər Nazirliyi isə vəkilin polislər tərəfindən döyülməsi və təhqir olunması ilə bağlı iddiaları təkzib etmişdi. O vaxt nazirliyin mətbuat xidmətindən AzadlıqRadiosuna bildirmişdilər ki, oğurluq şübhəsi ilə saxlanılan tanışının müdafiəsi üçün polis bölməsinə gələn O.Kəngərli özünü və orderini göstərməyib, polislərin işinə qanunsuz qarışmağa çalışıb, onları təhqir edərək bölmənin iş rejimini pozub.

11 ayda altı vəkil Kollegiyadan xaric olunub

Vəkillər Kollegiyası da vəkillərin həbsi ilə bağlı mediada yayılan xəbərlərə münasibət bildirib. Qurumun mətbuat xidmətinin yaydığı açıqlamada vurğulanır ki, ayrı-ayrı hallarla bağlı KİV-də dərc olunan məlumatlar bütövlükdə vəkillik institutunun nüfuzuna kölgə salmamalıdır: "Təbii ki, hər bir hüquqi proses cəmiyyətdə maraq doğura bilər. Bununla belə, məlumatlar çatdırılarkən hüquqi və etik prinsiplərə, xüsusilə də şəxsin təqsirsizlik prezumpsiyasına və Konstitusiya ilə təmin olunan hüquqlarına xüsusi həssaslıqla yanaşılmalıdır. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmadan şəxsin kriminal məzmunda təqdim edilməsi ümumilikdə vəkilliyin nüfuzuna ciddi xələl gətirir".

Sizin brauzer HTML5-i dəstəkləmir

'Tərtər işi'ndəki vəkilin məhkəməsi: 'Həbsi Gəncə polisindəki narkotik alveri iddiaları ilə bağlıdır'

Yerli və beynəlxalq hüquq-müdafiə təşkilatları Azərbaycanda vəkilliyin durumu ilə bağlı narahatlıqlarını dəfələrlə ifadə ediblər. Beynəlxalq Vəkillər İttifaqının Hüququn Aliliyi İnstitutu (UIA-IROL) bir müddət əvvəl yaydığı bəyanatda vurğulamışdı ki, vəkil Zabil Qəhrəmanovun həbsi onun peşə fəaliyyəti və polis orqanlarının qanunsuz hərəkətlərini tənqid etməsi ilə bağlı ola bilər. Gəncə Regional Vəkil Bürosunun bir çox səs-küylü işlərdə iştirak etmiş vəkili Z.Qəhrəmanov 2025-ci il oktyabrın 23-dən həbsdədir. Ona qarşı xuliqanlıq və dələduzluq ittihamları irəli sürülüb. Z.Qəhrəmanov bu ittihamları qəbul etmir və Gəncə şəhər Baş Polis İdarəsinin rəhbərliyinin fəaliyyətini tənqid etdiyinə görə şərlənərək həbs olunduğunu bildirir. Hazırda Gəncədə onun məhkəmə prosesi davam edir.

Vəkillər Kollegiyasının məlumatına əsasən, 2026-cı ilin 11 ayı ərzində daxil olan müraciətlər üzrə 123 işlə bağlı intizam icraatı başlanılıb. İntizam işləri üzrə ümumilikdə 102 qərar qəbul edilib. Nəticədə altı vəkil Kollegiyadan xaric olunub, 11 vəkilə xəbərdarlıq edilib, 9 vəkilə töhmət verilib, 27 vəkil cərimələnib, iki vəkilin fəaliyyəti isə müəyyən müddətə dayandırılıb.