Yeddi vəkilə tənbeh verilib

Sizin brauzer HTML5-i dəstəkləmir

Vəkillərin son illərdə ard-arda Vəkillər Kollegiyasından çıxarılmasının səbəbi nədir? (Arxiv)

"Azərbaycan Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarları ilə yol verdikləri pozuntulara görə yeddi vəkil barəsində intizam tənbehi tədbirləri görülüb, iki vəkilə isə peşə fəaliyyəti zamanı qanunvericiliyin tələblərinə ciddi riayət etmələri tapşırılıb". Bu barədə Kollegiyadan məlumat verilib. Yanvarın 14-də Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Məlumatda həmin şəxslərin adı çəkilmir.

Bundan əvvəl də Azərbaycanda fəaliyyət göstərən bir çox vəkillər belə xəbərdarlıqlar alıblar. Hətta Vəkillər Kollegiyasından çıxarılanlar, fəaliyyətləri müddətli dayandırılanlar da olub. Bu şəxslərin bir çoxu müxalif siyasətçilərin, gənc fəalların və tənqidçi jurnalistlərin vəkilləri olublar. Həmin şəxslər siyasi təzyiq nəticəsi olaraq cəzalandırıldıqlarını açıqlayıblar. Amma Vəkillər Kollegiyasının rəhbərliyindən bunu onların mövcud qanunun tələblərini pozması ilə izah ediblər. Bəzilərinin işi ilə bağlı Avropa İnsan Haqları Məhkəməsində onların xeyrinə qərarlar da verilib. Amma həmin şəxslər belə Kollegiyaya bərpa edilməyiblər.

Ötən il Gəncə Regional Vəkil Bürosunda çalışan Zabil Qəhrəmanov həbs edilib. Ona Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) və 221.2.2-ci (ictimai qaydanın pozulmasının qarşısını alan şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) maddələriylə ittiham verilib. İddia olunur ki, saxlandığı gün Z.Qəhrəmanov avtoyuma məntəqəsində işləyən bir şəxslə mübahisə edib, onu vurub. Qəhrəmanovsa hər iki ittihamın əsassız olduğunu deyir.

Həbsindən iki həftə öncə - oktyabrın 8-də Daxili İşlər Nazirliyindən (DİN) gələn şikayət əsasında Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarı ilə Z.Qəhrəmanovun vəkillik fəaliyyətinin 6 aylıq dayandırılmasına qərar verilmişdi. O, Gəncə şəhər Baş Polis İdarəsində "vətəndaşların başına oyunlar açılması" barədə açıqlama vermişdi. DİN də bundan sonra onunla bağlı Vəkillər Kollegiyasına şikayət göndərmişdi. Kollegiya isə qərarını "intizam pozuntusu" ilə izah etmişdi.