İntihar edən vəkilin yaxınlarından iddialar...

Zaur Məmmədov

Yanvarın 1-də Bakıda Vəkillər Kollegiyasının binası yaxınlığında intihar edən vəkil Zaur Məmmədovun yaxınları bəzi açıqlamalar verib.

Atası BakuTV-yə bildirib ki, oğlu bir müstəntiqə "iş düzəltmək üçün" 10 min manat pul verib. İş düzəlməyib, amma müstəntiq pulu qaytarmadığından pulun sahibi oğlundan şikayət edib.

Amma atası konkret şəxs və qurum adı çəkməyib. Onun vurğulamasına görə, bu barədə sonradan eşidib.

Olaydan bir qədər sonra vəkilin dostu olduğunu bildirən Aşur Bədəlsoy adlı şəxs də Facebook sosial şəbəkəsində oxşar iddiaları paylaşmışdı: "...Zaur müəllim mənə işin həll olmadığını, müstəntiqin də pulu qaytarmadığını bildirdi. İşin yiyəsinin də bunu tutdurmaq üçün prokurorluğa şikayət edəcəyini deyib...".

Bu iddialara, hələlik, hüquq-mühafizə orqanlarından münasibət almaq mümkün olmayıb.

İntihar faktı üzrə CM-in 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Vəkillər Kollegiyasının sədri Anar Bağırov isə bildirilib ki, vəkil Z.Məmmədovun onun rəhbərlik etdiyi qurum ilə hər hansı problemi olmayıb: "Onun niyə belə bir addım atması bizi də təəccübləndirdi. Hadisə haqqında eşidəndə Salyan rayon Vəkil Bürosunun müdiri ilə əlaqə saxladım. Büro müdiri dedi ki, son zamanlar gərgin idi".

A.Bağırovun sözlərinə görə, Vəkillər Kollegiyasında Z.Məmmədov barəsində intizam işi olmayıb.