Vəkil həbsdəki müxaliftəçi ilə görüşüb

Vəkil Əsabəli Mustafayev 14 yanvar 2012

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Gənclər Komitəsinin noyabrın 15-də 30 sutka inzibati həbs cəzası verilmiş üzvi Emil İsgəndərovun durumu normaldır.

Bu haqda Turan-a E.İsgəndərovla görüşən vəkili Əsabəli Mustafayev məlumat verib.

Noyabrın 19-da Binəqədidəki saxlanma məntəqəsində olan vəkilə cəbhəçi ilə görüşməyə icazə veriblər.

Ə.Müstafayev polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamada təqsirləndirilmiş E.İsgəndərovun əhavl- ruhiyyəsinin normal olduğunu, yaxınlarına salam göndərdiyini deyib.

Vəkil gəncə inzibati həbs cəzası verilməsini nəzərdə tutan məhkəmə qərarını əldə edib, yuxarı məhkəməyə şikayət verəcəyini bildirib.

“Apellyasiya şikayətini birinci gün məhkəməyə təqdim edəcəyəm”, deyən vəkil rayon məhkəməsinin qərarının əsassız olduğunu, şikayətə ədalətli baxılarsa, ləğv ediləcəyini söyləyib.

E.İsgəndərov noyabrın 15-də səhər saatlarında Binə qəsəbəsində saxlanmışdı. Onun əvvəlcə Mərdəkandakı polis bölməsinə, ardından Yasamal Rayon Polis İdarəsinə aparıldığı bildirilmişdi.

Nə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən, nə də məhkəmə orqanlarından gəncin saxlanmasına münasibət öyrənmək mümkün olmuşdu.

AXCP E.İsgəndərovun saxlanmasını müxalif düşüncəyə basqıların tərkib hissəsi olduğunu bəyan edib.