Vaksinləri qarışdırmaqda fayda varmış

Arxiv fotosu

Yoxsul ölkələr bir vaksinin ehtiyatları tükənəndə müxtəlif dozaları qarışdıra bilərlər.

COVID-19-a qarşı birinci dozanı AstraZeneca, yaxud Pfizer-BioNTech, doqquz həftə sonra isə Moderna vaksini vuranda daha yaxşı immun reaksiyası yaranır. Bunu Britaniyada aparılmış böyük araşdırma üzə çıxarıb.

“Oxford-AstraZeneca vaksininin iki dozasının yaratdığından daha yaxşı immun reaksiyası əldə etdik”, – Oksford universitetinin professoru Metyu Sneyp dekabrın 6-da “Reuters”ə deyib.

Onun sözlərinə görə, bu tapıntı yoxsul ölkələr üçün müsbət əlamətdir. Onlar bir vaksinin ehtiyatları tükənəndə müxtəlif dozaları qarışdıra bilərlər.

Buna da bax: Putin Sputnik V-nin təsdiqlənəcəyinə ümid edir

Vaksinasiyanı sürətləndirmək

“Bu araşdırma vaksinlərin ilkin dozalarının vurulduğu aşağı və ortagəlirli ölkələr üçün özəlliklə maraqlı olacaq”, – Sneyp deyib.

Onun sözlərinə görə, vaksinasiya proqramını müxtəlif vaksinlərdən istifadə ilə sürətləndirmək olar.

“Lancet” tibb dərgisinin çap etdiyi araşdırmayla bağlı təhlükəsizlik məsələsinin olmadığı bildirilir.

Bu arada Dünya Bankı dünyaya 100 milyon doza COVID-19 vaksinin çatdırılmasına yardımçı olduğunu bildirib. Dozalar vaxtında gələrsə, ayın sonunadək 150 milyonluq göstəricini keçmək mümkündür.

Bankın rəhbəri Deyvid Malpas 300 milyona yaxın doza üzrə kontrakt imzalandığını söyləyib.

Onun sözlərinə görə, 2021-ci ilin sonunadək 69 ölkə üzrə vaksin əməliyyatlarına 7.5 milyard dollar xərclənəcək.

Buna da bax: DST adamları Omikrona görə panikaya düşməməyə çağırır

Nyu Yorkda vaksin tələbi

Nyu Yorkda dekabrın 6-dan vaksin tələbinin miqyası genişləndirilib. Yüksək yoluxucu Omikron ştammının yayılmasıyla bağlı narahatlığın artdığı bir dönəmdə 5 yaşlı uşaqlar və özəl sektor işçiləri üçün vaksin məcburi elan edilib.

Şəhərdəki 184 min şirkət dekabrın 27-cən işçilərinin peyvəndlənməsindən əmin olmalıdırlar, Mer Bil de Blazio deyib.

5-11 yaşlı uşaqlara dekabrın 14-cən azı bir doza, 12 və yuxarı yaşlılara isə dekabrın 27-cən hər iki doza vurulmalıdır. Bu, restoranlara giriş, məktəblə bağlı tədbirlərdə iştirak üçün vacibdir.

Buna da bax: Vaksindən imtina edənlərə ağır cərimələr və hətta həbsxana

Yanvardan mer postuna keçəcək Erik Adams bu qaydanı, eləcə də koronavirus pandemiyası ilə mübarizənin digər tədbirlərini dəyərləndirəcək, onun sözçüsü qeyd edib.

Vaksinasiya tələbi Birləşmiş Ştatlarda, eləcə də bütün dünyada bölücü məsələyə çevrilib.

Bu ilin əvvəlində Prezident Co Bayden 100 və daha çox işçisi olan şirkətlər üçün vaksini məcburi elan etsə də, apelyasiya məhkəməsi ötən ay qərarın icrasını təxirə salıb.