Sorğu: Hər 7 amerikalıdan biri ‘vaksinə görə’ dost itirib

Cenifer Aniston (sağdan ikinci) və "Dostlar" serialının başqa iştirakçıları

Yenicə keçirilmiş rəy sorğusu göstərib ki, ABŞ-da hər 7 nəfərdən 1-i kiminsə vaksin olunmaması ilə bağlı dostluğa son qoyub

The Independent qəzeti yazır ki, indi sizin vaksin statusunuz təkcə işinizi və səfərə çıxa bilməyinizi deyil, həm də dostlarınızla münasibətlərinizi müəyyən edir.

Yenicə keçirilmiş rəy sorğusu göstərib ki, ABŞ-da hər 7 nəfərdən 1-i kiminsə vaksin olunmaması ilə bağlı dostluğa son qoyub.

OnePoll firmasının sentyabrda keçirdiyi sorguda rəyi soruşulan 1000 nəfərin 14 faizi bildirib ki, vaksin olunmaq istəməyən dostları ilə münasibətlərini kəsiblər.

Dostu təhlükədə qoymaq

Vaksin olunmuş respondentlərin əksəriyyəti dostluğu kəsdikləri adamları “iliyinədək antivaksinçi” hesab etdiyini bildirib.

Onların fikrincə vaksin olunmayanlar başqalarını, o cümlədən dostlarını təhlükə qarşısında qoyurlar.

Sorğuda habelə adamların niyə vaksin olunmaq istəmədiklərinə dair sual vardı.

Cavablara görə belələri ya vaksinlərin faydasız olduğunu düşünür, ya da yan fəsadlardan qorxurlar.

Vaksin edilmiş adamların 60 faizi sorğuda COVID vaksini ilə peyvənd olunmaqla düzgün hərəkət etdiklərinə əmin olduğuqlarını bildirib.

Rəyi soruşulan vaksinsizlərin yalnız 33 faizi düzgün hərəkət etdiyindən əmindir.

Buna da bax: Koronavirus bütün Yer əhalisini təsirləndirəcək - Qərb mediası

“Dostlar” serialının qəhrəmanı da dost itirib

Respondentlərin 45 faizi COVID-ə qarşı vaksin barədə informasiyanı Xəstəliklərə Nəzarət Mərkəzlərindən, 19 faizi isə sosial mediadan aldığını deyib.

The Independent yazır ki, məşhur “Dostlar” serialının ulduzu Cenifer Aniston da COVID vaksininə görə dost itirdiyini etiraf edib. O adamların vaksindən çəkinməsinə görə “qorxu və propaqandanı” əsas səbəb saydığını deyib:

“Hələ də antivaksinçi olan və ya faktları dinləmək istəməyən çox sayda insan var. Mən də vaksin olunub-olunmadıqlarını gizlədən bəzi dostlarımı itirmişəm”.

Aktrisa deyib ki, “bizim vaksin statusumuzu bəyan etməyimiz mənəvi və peşə borcumuzdur”.

OnePoll sorğusu habelə göstərib ki, sentaybrın 2-ə olan məlumata görə demokratların 81, respublikaçıların isə 69 faizi vaksinlənib.