V.Sorokin: 'Rusiya Avropadan 100 il geri qalır'

V.Sorokin

Rusiyalı yazıçı Vladimir Sorokin rus ədəbiyyatında konseptualizm və sos-art cərəyanlarının ən parlaq təmsilçilərindən biridir. 10 roman, çox sayda povest, hekayə, pyes və film ssenarisinin müəllifi olan Sorokinin kitabları onlarla dilə tərcümə edilib.

Yazıçı Almaniyanın «Die Welt» nəşrinə müsahibəsində deyib ki, Rusiya Avropadan 100 il geri qalır.

«Maşın bataqlıqda ilişib qalıb»

Sorokin bu müsahibədə durğunluq, yorğunluq və müxalifət qarşısında isterik qorxu haqda danışıb. O, Putin erasını SSRİ-nin son dövrləri ilə müqayisə edib.

«Bu gün Rusiyada durğunluq hökm sürür. Ölkə maşın kimi bataqlıqda ilişib qalıb, təkərlər yerində fırlanır, palçıq hər tərəfə sıçrayır. Ancaq bunun hələ nə qədər davam edəcəyini heç kim bilmir. Rusiya proqnozlaşdırılması çətin ölkədir. Ümumi atmosfer bir qədər 1983-1984-cü illəri xatırladır. Ağır iqtisadi vəziyyət, hamı hakimiyyətdəkilərdən bezib. O zaman da heç kim iki-üç ildən sonra radikal dəyişikliklərin başlayacağından şübhələnmirdi», – V.Sorokin deyir.

Buna da bax: Dostoyevski Putinin aqressiyasını anlamağa kömək edə bilərmi

«Hakim çevrələr öz rəqiblərini qorxutmaq üçün hər şey edirlər. ..Hakimiyyətdəkilərin paranoyyası, müxalifət qarşısında isterik qorxusu mövcuddur. Digər tərəfdən əhalinin yorğunluğu daim artır. Bununsa səbəbləri ilk növbədə iqtisadidir», – o əlavə edib.

Jurnalistlər V.Sorokinə Qərbin məsələn, Ukraynadakı müharibəyə görə sanksiya tətbiq etməklə Putinə qarşı düzgün davranıb-davranmadığı haqda sual veriblər. Yazıçı bu sualı belə cavablandırıb: «...Bu gün vəziyyət 1980-ci illərin əvvəllərində sovet qoşunlarının Əfqanıstana daxil olmasından sonrakı kimidir. Qərbə münasibət son dərəcə pisdir; Putin və onun adamları şahmatda tsuqtsvanq adlanan vəziyyətdədirlər: onların mövqeyi əlverişsizdir və istənilən gediş bu mövqeyi daha da pisləşdirəcək. Qərbə bunun necə bir güc olduğunu anlamaq üçün 15 il lazım olub. Ancaq indi o bunu anlayıb».

«Xristian əxlaqı»

Sorokin özünün Rusiya ictimaiyyətindəki rolundan da danışıb: «Hələlik, yaşayışıma və işimə mane olmurlar, ancaq əlbəttə, hələ hər şey baş verə bilər. Mən hələ sovet dövründə, KQB ilə qarşıdurmada olduğum zaman anladım ki, yazıçı kimi sənin yalnız iki imkanın var: ya yazırsan, ya da qorxursan. Əgər qorxursansa, yazmağa dəyməz. Yazırsansa, qorxmaq lazım deyil. Üçüncü variant yoxdur.

Buna da bax: ‘Putin Rusiya hakimiyyətində ən dəhşətli adam deyil’

...Putin sovet vaxtının nostaljik xiffətindən yararlanır. Tramp zahirən yenilməz ağ oğlanın prototipini, 1950-1960-cı illərin, Amerikanın qızıl dövrünün ideal obrazını təmsil edir. Putin əhaliyə köhnə mifləri yeni qablaşdırmada təqdim edir. Tramp və Putin kollektiv şüurun qaranlıq tərəfləri ilə oynamaqda və bununla manipulyasiya etməkdə bir-birinə çox oxşayırlar.

...Mən düşünürəm ki, Avropanın çox əsrlər bundan öncə formalaşmış xristian əxlaqı timsalında güclü dayağı var. Bu güclü özülü dağıtmaq o qədər də asan deyil. «Xristian əxlaqı» deyərkən insanlar arasındakı münasibətləri nəzərdə tuturam. Özü də burada, məsələn, iqtisadiyyatdan fərqli olaraq az şey dəyişib. Rusiya isə Avropadan 100 il geri qalır. XX əsrdə burada insana xas olan hər şeyi, mərhəməti, dini dağıtmaq cəhdi olub. İnsandan maşın düzəltmək istəyiblər. Bunu etmək tam alınmasa da, Avropanın qalan hissəsi ilə fərq təxminən bir əsrə bərabərdir».

V.Sorokin 1970-ci illərin sonlarında yazmağa başlayıb. Yenidənqurma dövrünə qədər onun cəmi bir romanı işıq üzü görmüşdü. Onun «Növbə» (Очередь) romanı 1985-ci ildə Parisdə çap olunub. Ədəbiyyatda «enfent terrible» (fransız dilində «pis uşaq», şıltaq, normalardan çıxan adam) kimi tanınsa da, həyatda sakit kənd həyatına, yemək bişirməyə və şahmat oynamağa üstünlük verir.