Dövlət bağça xərclərini tədricən üstündən atır? - Yeni fərman

Sizin brauzer HTML5-i dəstəkləmir

'Tələb olsaydı, açardıq' - Azərbaycandilli bağçalar niyə azdır (ARXİV. 2025)

Prezident İlham Əliyev uşaq bağçaları ilə bağlı yeni fərman imzalayıb. Yeni qaydaya görə, Azərbaycanda bağçaların xərcləri dövlət, özəl şirkətlər və valideynlər arasında bölünəcək. Bu sistem dünyada "Dövlət-Özəl Tərəfdaşlığı" adlanır.

Nazirlər Kabineti üç ay ərzində yeni sistemin dəqiq işləmə mexanizmini hazırlayıb prezidentə təqdim etməlidir.

Sistem necə işləyəcək

Əslində, Azərbaycanda bundan əvvəlki illərdə bağçalarla bağlı qrant yolu ilə oxşar modelin tətbiqinə başlanmışdı. Elm və Təhsil Nazirliyi ötən il bildirmişdi ki, məqsəd dövlət bağçalarına qəbul oluna bilməyən uşaqların özəl bağçalardakı boş yerlərə yerləşdirilməsi və xərclərinin bir hissəsinin qrant vasitəsilə maliyyələşdirilməsidir.

Yeni fərmanla bağça sistemində tamamilə yeni qayda tətbiq olunur. Bu qaydaya görə, bağça xərcləri, məsuliyyət üç tərəf — dövlət, özəl şirkətlər və valideynlər arasında bölünəcək.

Bildirilir ki, məqsəd məktəbəqədər təhsil sahəsində alternativ təhsil və maliyyələşmə modelləri əsasında əhatəliliyin artırılmasıdır.

Köhnə problem: "Məktəb pulu"

Azərbaycanda dövlət bağçalarında və məktəblərində valideynlərdən pul yığılması ilə bağlı şikayətlər uzun illərdir davam edir. Elm və təhsil naziri Emin Əmrullayev də bir müddət əvvəl etiraf etmişdi ki, bu problem köhnədən qalıb. Nazir pul yığımının qanunsuz olduğunu və hər şeyin şəffaf olması üçün xüsusi qayda yaradılmalı olduğunu bildirmişdi: "Təhsil elədir ki, nə qədər resurs gəlirsə, o qədər də nəticə olmalıdır. Bu yığım qeyri-qanuni olmamalıdır, şəffaf olmalıdır…"

Ekspertlər nə deyir

Hazırda ölkədə dövlət bağçalarının sayı ehtiyacdan çox azdır. Bu səbəbdən valideynlər məcburi olaraq bahalı özəl bağçalara üz tuturlar. Universitetlərdəki yerlərin də yarısı ödənişlidir.

Müstəqil ekspertlər isə xəbərdarlıq edirlər ki, neft gəlirləri azaldıqca hökumət təhsil xərclərini tədricən valideynlərin üzərinə yıxmaqdadır. Onların fikrincə, bu qərardan sonra pulsuz dövlət bağçalarının sayı daha da azala bilər.