Bakıda 13-yaşlı qız uşaq dünyaya gətirib

Sizin brauzer HTML5-i dəstəkləmir

16 yaşında ana olan, boşanan Arzu: '80 manatla necə dolanım?' (Arxiv)

Bakıda 13-yaşlı qız ev şəraitində uşaq dünyaya gətirib. Bu barədə Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib. Onun sözlərinə görə, qız xəstəxanaya yerləşdirilib: "13-yaşlı ana onu sığınacağa yerləşdirilməsini xahiş edib. O deyib ki, uşaq təcavüz nəticəsində doğulub".

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) "Turan"a bildirilib ki, sentyabrın 6-da saat 13:30-da Sabunçu rayonundan ev şəraitində doğuş ilə bağlı Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çağırış daxil olub: "Təcili tibbi yardım briqadası tərəfindən 2009-cu il təvəllüdlü anaya doğuş sonrası ağırlaşmanın qarşısını almaq məqsədilə ilkin tibbi yardım göstərilib. Daha sonra təcili tibbi yardım avtomobili vasitəsilə yenidoğulmuş oğlan uşağı və zahı qadın TƏBİB-in Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutuna hospitalizasiya olunub".

Qurumdan qeyd olunub ki, hazırda ana və uşağın vəziyyəti stabildir, tibb müəssisəsində müalicələri davam etdirilir: "Uşağın çəkisi 3 600 qramdır".

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev "Turan"a bildirib ki, Sabunçu Rayon Polis İdarəsi və rayon prokurorluğu tərəfindən araşdırma aparılır: "Təfərrüatlar barədə ictimaiyyətə məlumat veriləcək".

Məsələ ilə bağlı, hələlik, başqa tərəflərlə danışmaq mümkün olmayıb.

Bundan əvvəl də Azərbaycanda nikah yaşına çatmayan qızların ana olması ilə bağlı şikayətlər səslənib. Dövlət qurumları həmin məsələləri nəzarətə götürdüklərini açıqlayıblar.

Azərbaycan Respublikasında nikah yaşı kişilər üçün 18, qadınlar üçün 17 yaş müəyyən olunub.