ABŞ məhkəməsi AzadlıqRadiosunun ABŞ-nin Qlobal Media Agentliyinə (USAGM) qarşı qaldırdığı iddiada AzadlıqRadiosuna Konqres tərəfindən ayrılmış vəsaiti ödəmədiyinə görə ilkin qərarın verilməsi ilə bağlı tələbini təmin edib.
ABŞ-nin Kolumbiya Dairəsi üzrə Federal Dairə Məhkəməsinin hakimi Roys Lambert iyulun 18-də çıxardığı qərarda bildirib ki, USAGM AzadlıqRadiosuna 2025-ci maliyyə ili üzrə Konqres tərəfindən ayrılmış qalan vəsaiti ödəməlidir. Hakim yekun qərarında bildirib ki, agentliyin bu vəsaitlərin verilməsini ağır və yeni qrant şərtlərinin tətbiqi ilə şərtləndirməsi və AzadlıqRadiosu ilə xoşniyyətli danışıqlardan imtina etməsi qanun pozuntusudur.
"Bu, məhkəmənin bildiyi qədəri ilə, bir dövlət agentliyinin uzun illərdir işlədiyi bir qrant alan qurumla münasibətlərinə tamamilə yeni şərtlər tətbiq etməyə çalışması və sonra kommunikasiyanı dayandırması – xüsusilə də agentliyin konkret şəkildə adı çəkilən həmin quruma hər il Konqres tərəfindən ayrılan vəsaiti vermək üzrə qanuni öhdəliyi olduğu halda – görünməmiş bir haldır",– hakim qeyd edib.
Yayımçının maliyyə təminatına olan təhdid, AzadlıqRadiosunun 27 dildə və 23 ölkədə yayımlandığı auditoriyalarda, eləcə də media müşahidəçiləri, analitiklər və demokratiya tərəfdarları arasında qlobal dəstək dalğası yaradıb.
Lambert qərarında həmçinin bildirib ki, "USAGM-in maliyyələşmə öhdəliklərinə açıq-aşkar etinasız yanaşması" AzadlıqRadiosunu kütləvi məzuniyyətlərə, proqramların ləğvinə və qurumun onilliklər ərzində qurduğu qlobal nüfuzunu qaçılmaz zərərə məruz qoyub.
AzadlıqRadiosunun prezidenti və baş icraçı direktoru Stiv Kapus bəyanatında bildirib ki, bu qərar "USAGM-i AzadlıqRadiosunun həyati əhəmiyyətli missiyasını yerinə yetirməsi üçün zəruri olan vəsaiti buraxmağa məcbur etmək məqsədilə aparılan ardıcıl hüquqi səylərin zirvəsidir. Bu qələbə jurnalistlərimizə, hər həftə xəbərlərimizə etibar edən və avtoritar hökumətlərin zərərli təbliğatına qarşı həqiqətləri öyrənmək istəyən təxminən 47 milyon insana çatmaq səylərini davam etdirmək üçün zəruri olan gücü verir".
Kapus həmçinin vurğulayıb: "İndi heç vaxt olmadığı qədər biz informasiya məkanını tiranlara təslim edə bilmərik". O qeyd edib ki, bu məhkəmə qərarı sayəsində "AzadlıqRadiosu ABŞ-nin milli təhlükəsizlik maraqlarını irəli aparmağa davam edə bilər".
USAGM həftəlik 60-dan çox dildə 400 milyondan artıq insana xəbər və informasiya yayımını həyata keçirən müstəqil bir ABŞ hökumət agentliyidir.
2025-ci maliyyə ili üçün USAGM-in ümumi büdcə tələbi 950 milyon dollar təşkil edib. Bu vəsait agentliyin bütün əməliyyatlarını və kapital yatırımlarını maliyyələşdirmək üçün nəzərdə tutulub.
Bu büdcəyə Azad Avropa/Azadlıq Radioları (RFE/RL), "Amerikanın Səsi" (Voice of America), Azad Asiya Radiosu (Radio Free Asia), Kuba Yayım Ofisi (Radio Martí), Yaxın Şərq Yayım Şəbəkələri (MBN) və Açıq Texnologiyalar Fondunun (Open Technology Fund) fəaliyyətinin maliyyələşdirilməsi daxildir.
USAGM sənədlərinə əsasən, 2025-ci il üçün AzadlıqRadiosuna nəzərdə tutulan büdcə təxminən 153 milyon dollar idi.