Ursula Fon der Lyayenə etimadsızlıq rədd edilib

Ursula fon der Lyayen

Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen iyulun 10-da Avropa Parlamentində ona qarşı keçirilən etimadsızlıq səsverməsindən keçə bilib.

Avropa Parlamentinin radikal sağçı üzvləri tərəfindən irəli sürülmüş təklif üzrə keçirilən səsvermədə deputatların əksəriyyəti Komissiya prezidentini dəstəkləyib. Əgər o, bu səsverməni uduzsaydı, Fon der Lyayen və onun rəhbərlik etdiyi Komissiya istefa verməli olacaqdı ki, bu da Avropa İttifaqında xaosa səbəb ola bilərdi.

"Politico" nəşri xəbər verir ki, təklifin əleyhinə 360, lehinə isə 175 deputat səs verib, 18 nəfər bitərəf qalıb. 720 deputatdan 553-ü səsvermədə iştirak edib. Təklifin qəbul olunması üçün azı 357 deputat onun lehinə səs verməli idi.

Gözlənildiyi kimi, xanım Fon der Lyayen mübarizəyə davam edəcək, lakin onun problemləri hələ bitməyib. 2014-cü ildən bəri ilk dəfə keçirilən etimadsızlıq səsverməsi Avropa Komissiyasının prezidentinə qarşı artan siyasi narazılığı üzə çıxarır. O, Avropanın böyük bir hissəsi kimi, sağa meyl etməkdə ittiham olunur ki bu da onu müttəfiq iki əsas partiya ilə ziddiyyətə salır. Sosialistlər və liberallarla Avropa Komissiyasının prezidenti arasında fikir ayrılıqları var.