Qapalı rejimli Umbakı Penitensiar Kompleksində saxlanılan 13 məhbusun aclıq aksiyasına başladığı bildirilir.
Bu barədə yanvarın 27-də Müsəlman Birliyi Hərəkatı məlumat yayıb.
Adların tam çəkilmədiyi məlumatda bildirilir ki, həmin şəxslər dindar kəsimdəndirlər və, yaxınlarının vurğulamasına görə, onlar son altı–yeddi ay ərzində sistemli şəkildə qanun pozuntularına məruz qalıblar.
Bu məlumata Umbakı Penitensiar Kompleksinin rəhbərliyindən və Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb. Amma Xidmətdən, bir qayda olaraq, vurğulanır ki, cəzaçəkmə müəssisələrində məhbuslarla yalnız qanun çərçivəsində davranırlar.
"Azərbaycanın Siyasi Məhbuslarının Azadlığı Uğrunda İttifaq"ın son siyahısına görə, ölkədə 340 siyasi məhbus var. Onların 192-i dindar kəsimdəndir. İttifaqın bundan əvvəlki siyahısında onların sayı 240 civarında, ümumi siyasi məhbusların sayı isə 400-ə yaxın göstərilirdi.
Ötən ilin sonundan ölkədə Amnistiya Aktı icra edilir və dindar kəsimdən siyasi məhbus siyahılarında yer alan 50-dən çox məhbusun azadlığa çıxdığı bildirilir. Həmin şəxslərin narkotikdə ittiham olunduğu, amma ittihamı qəbul etmədikləri bildirilirdi.
Rəsmilər isə ölkədə, ümumiyyətlə, siyasi məhbusların olması fikrini qəbul etmirlər. Rəsmilərə görə, siyasi məhbus siyahılarında yer alanlar sırf törətdikləri əmələ görə mühakimə ediliblər.