'Məhbusların saxlanıldığı kameralar lazımi qədər isinmir'

Ülvi Həsənli

"AbzasMedia"nın 9 il müddətinə azadlıqdan məhrum edilən direktoru Ülvi Həsənlinin saxlanıldığı 10 saylı Cəzaçəkmə Müəssisəsində istilik sistemlərinin normal işləmədiyi bildirilir.

Bu barədə onun yaxınları məlumat yayıblar. Onların sözlərinə görə, radiatorların normal işləməməsi səbəbindən məhbusların saxlanıldığı kameralar lazımi qədər isinmir: "Ülvi Həsənli artıq noyabrdan iki dəfə xəstələnib".

Bu açıqlamaya Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.

Ü.Həsənli 2023-cü il noyabrın 20-də saxlanıb. Onunla birlikdə "AbzasMedia"nın baş redaktoru Sevinc Vaqifqızı, layihə koordinatoru Məhəmməd Kekalov, araşdırmaçı-jurnalist Hafiz Babalı, jurnalistlər Elnarə Qasımova, Nərgiz Absalamova və AzadlıqRadiosunun əməkdaşı, iqtisadçı Fərid Mehralızadə də həbs edilib.

Ötən il iyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən iclasda Ü.Həsənli, S.Vaqifqızı, H.Babalı, F.Mehralızadə 9 il, N.Absalamova və E.Qasımova 8 il, M.Kekalov isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum olunublar.

Sentyabrın 9-da Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

Jurnalistlər qaçaqmalçılıq və ağır maliyyə cinayətləri də daxil olmaqla, bir sıra maddələrlə ittiham ediliblər. Onlar ittihamları rədd ediblər. Cinayət təqibinin jurnalist fəaliyyəti ilə əlaqəli olduğunu bildiriblər.

Yerli hüquq müdafiəçilərinin bildirməsinə görə, hazırda Azərbaycan həbsxanalarında 31-i jurnalist və bloqer olmaqla, 340 siyasi məhbus var. Amma rəsmilər ölkədə siyasi məhbusların olması ilə bağlı fikriləri qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər sırf törətdikləri əməllərə görə mühakimə ediliblər.