Rusiyanın hücumları Ukraynada elektrikin kəsilməsinə səbəb olub

Kiyevdə yanğınsöndürənlər

Rusiyanın hava hücumlarından sonra Kiyevdə, Ukraynanın bir çox regionlarında elektrik verilişində fasilələr yaranıb.

Noyabrın 9-da bir çox vilayətlərdə 8-16 saat işıq olmayıb, noyabrın 10-da da fasilələr gözlənilir.

"Ukrenergo" məhdudiyyətləri Rusiyanın kütləvi raket və dron hücumlarının fəsadları ilə izah edib.

Prezidenti Volodimir Zelenski gecə müraciətində deyib ki, "əksər regionlarda təmir briqadaları gecə-gündüz işləyirlər".

Ukraynada hələ soyuqlar düşməmişdən Rusiya ölkənin elektrik şəbəkəsinə, təbii qaz obyektləri və kəmərlərə hücumları intensivləşdirib.

Noyabrın 7-də Rusiyanın hücumları nəticəsində azı yeddi nəfər həlak olub, yaralıların sayı bəlli deyil.

Ukrayna da, öz növbəsində, Rusiyanın enerji obyektlərinə dron zərbələri endirir. Noyabrın 9-da bir sıra sərhəd vilayətlərində azı 20 min nəfər işıqsız qalıb. Bunu Belqorodun qubernatoru Vyaçeslav Qladkov bildirib.

Bu arada Ukrayna Donetskdəki strateji Pokrovsk şəhərini əlində saxlamağa çalışır. Rəsmilər regionda vəziyyətin çətin olduğunu desələr də, Rusiyanın şəhərin mühasirədə olması barədə iddialarını təkzib edirlər.

Ukraynanın hərbi eksperti Oleksiy Qetman AzadlıqRadiosuna deyib ki, vəziyyət çətindir, amma Ukrayna qüvvələrinin şəhərin qərbində hələ də mövqeləri var və bu da onlara Rusiyanın hücumlarını dəf etməyə imkan verəcək.

Ukraynada batalyon komandiri həbs olunub

Ukraynada bir mərasimə Rusiyanın havadan zərbəsi azı 19 nəfərin ölümünə səbəb olub, hadisədən sonra batalyon komandiri həbs olunub.

Bu insident noyabrın 1-də baş verib. Son illər bir neçə dəfə zabitlərin təşkil etdiyi toplantı və mərasimləri Rusiya hədəfə alıb.

Baş Prokurorluğun noyabrın 8-də yaydığı bəyanata görə, dron bölməsinin komandiri Dnepropetrovsk vilayətində mərasim təşkil edib, əsgərlərin iştirakını əmr edib. Tədbirə hərbçilərin qohumları da qatılıb.

Rusiya tədbirə dronlar və iki ballistik raketlə zərbə endirib, 12 əsgər və 7 dinc sakin öldürülüb. 36 əsgər yaralanıb.

Zabitə səhlənkarlıq ittihamı verilib, barəsində həbs-qətimkan tədbiri seçilib.

2023-cü ilin noyabrında oxşar insidentdə 19 əsgər öldürülmüşdü. O vaxtdan ukraynalı komandirlər belə tədbirlər keçirməməyə çalışırlar.