BMT: Bu il Ukrayna əhalisinin 40 faizinə humanitar yardım gərəkəcək

İnsanlar Kiyevdə raket hücumu zamanı bomba sığınacağı kimi istifadə edilən metro stansiyasına toplaşıblar.

Bu il Ukrayna əhalisinin azı 14.6 milyon nəfərinə, ümumi əhalinin təxminən 40 faizinə humanitar yardım gərəkəcək. Bunu BMT-nin Humanitar Məsələlərin Koordinasiyası Ofisi (OCHA) bildirir. Rusiyanın iki ilə yaxındır Ukraynanı işğal etməsi ölüm və dağıntılara səbəb olub.

OCHA və BMT-nin Ukraynadakı missiyası yanvarın 9-da bəyanatlarında xəbərdarlıq ediblər ki, bu qış əməliyyatlar davam edərsə, enerji və digər kritik infrastruktura zərbələr güclənərsə, mövcud humanitar vəziyyət daha da pisləşə bilər.

OCHA-nın məlumatına görə, müharibə 6.3 milyon ukraynalını xaricə sığınmağa vadar edib. Ötən ilin sonunadək Ukraynadan 5.9 milyon qaçqın Avropada qeydiyyata alınıb.

"Hər gün dinc sakinlər öldürülür, xəsarət alır, evləri, vacib infrastruktur dağıdılır", - BMT missiyası bildirir.

Hesabatda yanvarın ilk həftəsinin Ukraynaya hücumlar dalğası ilə gəldiyi, dekabrın 29-da başlanan zərbələrin bugünədək davam etdiyi vurğulanır. Ukraynada ailələr Yeni ili hava həyəcanı, yeraltı sığınacaqlarda, metro stansiyalarında, evlərinin zirzəmilərində qarşılayıb.

BMT-nin Ukraynadakı missiyası beynəlxalq ictimaiyyəti qış mövsümündə dinc əhalinin artan ehtiyaclarını qarşılamaqdan ötrü Ukrayna və qonşularına kömək etməyə çağırıb.