Ukrayna 'Wildberries'in Krasnodar və Nevinnomıssk anbarlarına zərbələr endirib

Krasnodarda "Wildberries" anbarında yanğın

Ukrayna hərbçiləri iyulun 22-nə keçən gecə Rusiyanın ən iri onlayn ticarət şirkətlərindən olan "Wildberries"in logistika mərkəzi və paylama anbarını vurub. Krasnodarda və Stavropol diyarının Nevinnomıssk şəhərində yerləşən iki anbarda yanğın alovlanıb.

Bundan əvvəl, iyulun 18-i və 20-də Ukrayna Silahlı Qüvvələri "Wildberries"in Moskvadakı üç anbarına (onlardan ikisində yanğın qeydə alınmış, biri tamamilə külə dönmüşdü) və Volqoqrad vilayətinin Kotovsk şəhərində yerləşən anbarına da zərbələr endirmişdi.

Krasnodardakı "Wildberries" anbarında yanğının söndürülməsinə 105 əməkdaş və 37 texnika cəlb olunub. Bu barədə məlumatı regionun Operativ Qərargahı yayıb.

Rusiya "Telegram" kanallarının xəbərlərinə görə, dron hücumu nəticəsində Krasnodar diyarında beş nəfər, Stavropol diyarında isə 3 nəfər xəsarət alıb.

Daha sonra Stavropol diyarının qubernatoru Vladimir Vladimirov Nevinnomıssk şəhərinin kənarında yerləşən anbar kompleksinin vurulmasını təsdiqləyib, yaralı sayının beş nəfərə çatdığını bildirib.

"Wildberries" şirkətinin rəhbəri Tatyana Kim də Krasnodar və Nevinnomıssk şəhərlərindəki anbar mərkəzlərinə hücumları təsdiqləyib, əməkdaşlara operativ təxliyəyə görə təşəkkür edib.