Ukrayna dronları Tuapsedə yenə yanğın törədib

Rusiyanın Krasnodar diyarının Tuapse şəhərindəki neft anbarında yanğın.

Ukrayna dronları Qara dəniz sahilindəki Tuapse neft limanını vurub, yanğın baş verib, azı bir nəfər həlak olub. Bu, son bir həftədə ölkənin əsas cənub limanlarından birinə ikinci hücumdur.

"Tuapse yenə kütləvi dron hücumuna məruz qalıb", – Rusiyanın cənubundakı Krasnodar vilayətinin qubernatoru Venyamin Kondratyev aprelin 20-də bildirib.

Ukraynanın dron qüvvələrinin komandanı Robert Brovdi Ukrayna ordusunun "Rosneft"ə məxsus Tuapse neft emalı zavodunu yenidən vurduğunu təsdiqləyib.

Aprelin 16-da oxşar hücumun törətdiyi yanğın son hücumdan cəmi bir neçə saat əvvəl söndürülmüşdü.

Tuapse gündə 240 min barel xam neft emal etmək gücünə malikdir, bu zavodda mazut və dizel kimi məhsullar istehsal olunur. "Rosneft"in ixrac infrastrukturunun bir hissəsi olan zavod son aylar dəfələrlə Ukrayna hücumlarının hədəfinə çevrilib.

Neft obyektləri vurulur

Rusiyanın Müdafiə Nazirliyi aprelin 20-nə keçən gecə ölkə üzərində Ukraynanın 112 dronunun məhv edildiyini bildirib.

Ukrayna son həftələr Rusiyanın neft obyektlərinə dron hücumlarını artırıb. Bu, ixracı məhdudlaşdırır. İran müharibəsi və Tehranın Hörmüz boğazını faktiki bağlaması nəticəsində qlobal enerji qiymətlərinin qalxması Moskvanın xeyrinə işləyib. Amma dron zərbələri bu imkanı zəiflədir.

Bu ayın əvvəlində Ukrayna prezidenti Volodimir Zelenski Rusiyaya enerji sahəsində atəşkəs təklif etdiyini demişdi.

Bu arada Ukrayna xüsusi təyinatlıları Rusiyanın ilhaq etdiyi Krımda, Sevastopol körfəzində iki böyük desant gəmisini vuraraq sıradan çıxarıb. Bu barədə Ukrayna hərbi kəşfiyyatı (QUR) aprelin 20-də məlumat verib.

Eyni əməliyyatda Rusiyanın radar sistemi də məhv edilib. QUR Facebook-da hücum anının videosunu yayımlayıb.

Rusiyanın hücumları

Ukrayna Hərbi Hava Qüvvələri ötən gecə Rusiyanın 142 dronla hücum həyata keçirdiyini bildirib. Rusiya dronlarının Sumı vilayətində mülki nəqliyyat vasitələrinə hücumları davam etdirdiyi açıqlanıb, azı üç nəfər yaralanıb.

Dnepropetrovsk vilayətinə Rusiyanın hücumları nəticəsində altı nəfər yaralanıb.

Rusiyanın Ukraynada təcavüzkar müharibəsi artıq beş ildir davam edir. İran müharibəsi başlayandan ABŞ-nin dəstəklədiyi sülh danışıqları dalana dirənib.

Rusiya Ukraynanın ərazi məsələləri və təhlükəsizlik zəmanətləri ilə bağlı sərt mövqeyini yumşaltmır, Kiyev isə bu tələbləri qəbuledilməz hesab edir.