Moskva Ukrayna və ABŞ arasında müzakirələr nəticəsində hazırlanmış 20-bəndlik sülh planına dəyişikliklər olunmasına çalışacaq. Bunu "Bloomberg" Kremlə yaxın mənbəyə istinadla yazır.
Agentliyin müsahibi deyib ki, Moskva bu planı gələcək danışıqlar üçün başlanğıc nöqtəsi kimi görür, çünki sənədə Rusiyadan ötrü vacib müddəalar salınmayıb.
Mənbə iddia edir ki, Rusiya NATO-nun şərqə doğru genişlənməyəcəyinə zəmanət almaq istəyir. Moskvanın daha bir tələbi Ukraynanın Avropa İttifaqına üzvlük halında neytral statusunu saxlamasıdır. Sənəddə həmçinin müharibə bitəndən sonra Ukrayna silahlı qüvvələrinə məhdudiyyətlərlə bağlı Rusiyanın tələbləri nəzərə alınmayıb, ölkədə rus dilinin statusu ilə bağlı aydın zəmanət yoxdur. Rusiya sanksiyaların ləğvi, Qərbdə dondurulmuş aktivlərin gələcəyi məsələsində aydınlıq tələb edir.
Kremlin mətbuat katibi Dmitri Peskov dekabrın 24-də deyib ki, Rusiya prezidenti Vladimir Putinə danışıqların nəticələri barədə məlumat verilib, Moskva tezliklə öz mövqeyi ilə bağlı Vaşinqtonla təmasları davam etdirəcək. O əlavə edib ki, hazırda Putinlə ABŞ prezidenti Donald Tramp arasında danışıqlar planlaşdırılmır.
V.Zelenski
Zelenski 20-bəndlik sülh sazişi layihəsini açıqlayıb
Ukrayna prezidenti Volodimir Zelenski dekabrın 23-də jurnalistlərlə söhbətində sülh sazişi layihəsini açıqlayıb. Son həftələr Ukrayna, ABŞ və Avropa təmsilçiləri layihə üzərində iş aparırlar.
ABŞ və Ukrayna Rusiyanın təcavüzkar müharibəsinin bitməsi üzrə 20-bəndlik baza sənədi hazırlayıb.
AzadlıqRadiosunun Ukrayna xidməti xəbər verir ki, planın ikinci bəndi Rusiya və Ukrayna arasında bir-birinə hücum etməməklə bağlı tam və qeyd-şərtsiz razılaşma nəzərdə tutur.
"Uzunmüddətli sülhün dəstəklənməsi üçün təmas xəttində kosmik pilotsuz monitorinq mexanizmi qurulacaq, pozuntular haqda erkən məlumat veriləcək", – prezident deyib.
Layihəyə görə, dinc dövrdə Ukrayna Silahlı Qüvvələrinin sayı 800 min nəfər həddində saxlanacaq.
ABŞ, NATO və sənədə imza atan Avropa ölkələri Ukraynaya təhlükəsizlik qarantiyaları verəcək. Bunlar NATO Xartiyasının 5-ci maddəsinə oxşar olacaq. Rusiyanın təşəbbüsü ilə münaqişənin bərpası halında Moskvaya sanksiyaların bərpası nəzərdə tutulur.
Hücum etməmək siyasətini qanunlarla möhkəmləndirmək
Maddələrin birində deyilir ki, Rusiya gərəkən qanunlar, ratifikasiya sənədləri ilə Avropa və Ukraynaya hücum etməmək siyasətini möhkəmləndirəcək.
Yeddinci bənddə deyilir ki, Ukrayna müəyyən zaman kəsimində Aİ-yə üzv olacaq, Kiyev qısa müddət ərzində Avropa bazarına imtiyazlı çıxış qazanacaq.
Sazişin qüvvəyə minməsindən ötrü Rusiyanın Dnepropetrovsk, Nikolayev, Sumı və Xarkov vilayətlərindən çıxması nəzərdə tutulub. Donetsklə bağlı razılaşma əldə olunmayıb.
Ukrayna saziş imzalanandan sonra mümkün qədər tez seçki keçirməlidir.
Hazırda Rusiyanın nəzarətində olan Zaporojye AES ilə bağlı kompromis əldə olunmayıb. Sülh planı layihəsində Zaporojye AES üzərində Ukrayna, ABŞ və Rusiyanın birgə idarəçiliyi nəzərdə tutulur.
Zelenski onu da deyib ki, həm sülh sazişi üzrə referendum, həm də prezident seçkisi eyni vaxtda keçirilər bilər. Təhlükəsizlik qarantiyaları isə saziş tam ratifikasiya olunandan, yaxud referendumdan keçdikdən sonra qüvvəyə minər.
"Ukrayna bu razılaşmanı ratifikasiya üçün parlamentə təqdim edəcək. Yaxud "bəli"-"xeyr" formatında ümummilli referendum keçirəcək", – Zelenski jurnalistlərə deyib.
Layihədə bütün saxlanmış dinc sakinlərin və əsirlərin, uşaqların, siyasi məhbusların qaytarılmasına dair bənd var.
ABŞ Moskva ilə Kiyev arasında sülh sazişinin bağlanmasına çalışır. Mayamidə son danışıqlardan sonra Zelenski deyib ki, bir neçə sənəd layihəsi hazırlanıb: Ukraynaya təhlükəsizlik qarantiyalarının verilməsi, bərpası, müharibənin bitməsi üçün baza çərçivəsi.
ABŞ təmsilçiləri Mayamidə Rusiya diplomatları ilə də görüşüblər. Kreml bildirib ki, bu danışıqlara dönüş kimi baxmaq olmaz.
Moskva mövqeyini formalaşdırır, NATO...
Kremlin bildirdiyinə görə, Rusiya prezidenti Vladimir Putinə layihə haqda məlumat verilib və Moskva öz cavabını formalaşdırır.
Putin bu yaxınlarda bəyan edib ki, Ukrayna Moskvanın güc yolu ilə ələ keçirməyə çalışdığı şərqi Donbas bölgəsindən təxminən 5 min kvadratkilometr ərazini təhvil verməlidir, Kiyev NATO-ya üzvlük niyyətindən rəsmi imtina etməlidir.
NATO-da bir diplomat AzadlıqRadiosuna deyib ki, əsas məqam təhlükəsizlik qarantiyaları və ərazi məsələlərinin həllidir.
Adının açıqlanmasını istəməyən diplomatın sözlərinə görə, ən vacib məsələ Ukraynanın razılıq verməsidir: "Öncə də deyildiyi kimi, ukraynalıların razılığı olmadan avropalılar heç bir razılaşmanı dəstəkləməyəcək".