Ukrayna ordusu son iki həftədə Berdyansk və Melitopol istiqamətlərində 8 yaşayış məntəqəsini işğaldan azad edib.
Ukrayna müdafiə nazirinin müavini Hanna Malyar deyib ki, işğaldan ümumilikdə 113 kvadrat kilometrlik ərazi azad olunub.
O bildirib ki, ölkənin şərqində Rusiya hücumlarını intensivləşdirib.
Buna baxmayaraq Ukrayna ordusu bir neçə istiqamətdə irəliləyir.
Bu məlumatlar Britaniya Müdafiə Nazirliyinin məlumatları ilə üst-üstə düşür.
Nazirliyin məlumatında deyilir ki, Rusiya komandanlığı son 10 gün ərzində Dneprin sol sahilindəki qüvvələrini Ukraynanın şərq cəbhəsinə gətirib.
Britaniya Müdafiə Nazirliyinin məlumatına görə bu, Nova Kaxovka bəndinin partladılmasına görə Dneprin sol sahilində bir sıra rayonların su altında qalması ilə bağlı ola bilər.
Rusiya Müdafiə Nazirliyi bildirir ki, Donetsk vilayətinin Kramatorsk rayonunda, Novodonetskoye yaşayış məntəqəsində Ukrayna qüvvələrinin hücumu dəf edilib.
Buna da bax: Belarusda pedofillərin axtalanması təklif edilibƏks-hücumda pauza ola bilər
ABŞ Müharibə Tədqiqatları Institutu (ISW) bildirir ki, ehtimalən Ukrayna ordusu əks-hücumda fasilə etmək istəyir.
ISW ekspertləri güman edirlər ki, Ukrayna komandanlığı taktikanı dəyişmək qərarına gəlib.
Ekspertlər bu məlumatları The Wall Street Journal qəzetinin xəbərləri və Estoniya hərbi kəşfiyyatının məlumatları əsasında verib.
Estoniya kəşfiyyatı bildirir ki, yaxın 7 gündə aktiv hərbi əməliyyatların keçirilməsi gözlənilmir.
ISW bunu da vurğulayır ki, onun məlumatlarına görə Ukrayna hələ ki, əsas qüvvələrini döyüş meydanına buraxmayıb.
İnstitutun ekspertləri deyirlər ki, operativ pauzalar böyük əks-hücumlar ərəfəsində geniş yayılmış praktikadır.
Buna da bax: Abramoviç Ukraynaya, hələlik, pul verməyibPutinin iddiaları təsdiq olunmur
Rusiya prezidenti Vladimir Putin son günlərdə bir neçə dəfə Ukrayna ordusunun böyük itkilərə məruz qaldığını bəyan edib.
O demişdi ki, Ukraynanın itkiləri Rusiyanın itkilərindən 10 dəfə çoxdur.
Putinin sözlərinə görə Ukrayna xüsusilə də çox sayda hərbi texnika itirib.
Eyni zamanda Rusiya Müdafiə Nazirliyi döyüşlərdə Rusiyanın itkiləri barəsində heç nə demir.
Britaniya hərbi kəşfiyyatı bildirir ki, Ukraynanın böyük itkiləri barədə xəbərlər başqa məlumatlarla təsdiq olunmur, Rusiyanın itkiləri isə mart ayından bəri ən yüksək həddinə çatıb.
Putin bunu da ehtimal etdiyini bildirmişdi ki, Ukrayna silahlı qüvvələrinin komandanı Valeri Zalujnı xaricə gedib.
Ukrayna komandanlığı buna reaksiya olaraq Zalujnının səhifəsində onun həmkarları ilə işlədiyini əks etdirən video yerləşdirib.
Bu videoda Zalujnı və başqa komandanlar xəritə üzərində işləyirlər. Çəkilişin iyunun 17-də aparıldığı məlum olur.
Bu arada Ukrayna prezidenti Volodimir Zelenski deyib ki, Rusiya işğal etdiyi ərazilərin itirilməsinə hazır olmalıdır:
"Rusiya işğal etdiyi əraziləri itirəcək. Bizim işğaldan azadetmə addımlarımızın alternativi yoxdur. Bizim hərbçilər hərəkətdədirlər. Onlar mövqe-mövqe, addım-addım irəliləyirlər”.
Zelenski bunu da deyib ki, Rusiya tərəfinin və Putinin iddialarına rəğmən Ukrayna bir dənə də olsun Patriot raket sistemini itirməyib.