Avqustun 12-nə keçən gecə Rusiya ordusu Ukraynanın bir sıra regionlarına hücum edib, ölən və yaralananlar var.
Xersonda yaşayış evləri atəşə tutulub, iki nəfər həlak olub, iki nəfər yaralanıb.
Zaporojyedə Rusiya hücumu nəticəsində ticarət mərkəzi yanıb, yaşayış binasına da ziyan dəyib.
Poltavada bir sənaye müəssisəsində yanğın baş verib, xəsarət alan olmadığı bildirilir.
Rusiya Ukraynanı hər gün atəşə tutur. Rusiyanın Müdafiə Nazirliyi yalnız hərbi hədəflərə zərbələr endirdiyini iddia edir. Nazirlik dinc sakinlərin ölümü, yaşayış evləri və mülki infrastrukturun dağıdılmasını şərh etmir.
Krasnodara kütləvi dron hücumu. Ölən və yaralananlar var
Avqustun 12-nə keçən gecə Krasnodar diyarı Ukrayna dronlarının kütləvi hücumuna məruz qalıb. Ölən və yaralananlar var.
Diyarın qubernatoru Veniamin Kondratyevin dediyinə görə, Novorossiysk, Anapa, Gelencik və Temryuk rayonu hücuma məruz qalıb. Novorossiyskdə 6 yaşlı uşaq həlak olub, 8 nəfər xəstəxanaya yerləşdirilib. Temryukda bir sakin həlak olub. Anapa və Gelencikdə yaşayış evlərinə ziyan dəyib, 4 nəfər xəsarət alıb.
"Krımski veter" Telegram kanalı peyk görüntülərinə istinadla bildirir ki, Novorossiyskdə dronların əsas hədəfləri limandakı "Şesxaris" neft terminalı və Rusiya Qara Dəniz Donanmasının gəmi və sualtı qayıqlarının dayandığı hərbi liman olub. Həmin yerlərdə yanğınların baş verdiyi bildirilir.
Rusiya Müdafiə Nazirliyi bildirib ki, avqustun 12-nə keçən gecə Ukraynanın 502 dronu məhv edilib.
Rusiya Ukraynaya qarşı Şimali Koreya raketlərindən istifadə edir — Zelenski
Rusiya Ukraynanın Zaporojye şəhərinə ölümcül hücumda Şimali Koreya raketlərindən istifadə edib. Bunu Ukrayna prezidenti Volodimir Zelenski avqustun 11-də bildirib.
Vilayət rəhbəri İvan Fedorov gecə saatlarında baş verən hücumda yeddi nəfərin həlak olduğunu, 24 nəfərin yaralandığını bildirib. Avqustun 12-si matəm elan edilib.
Ukrayna rəsmiləri Dnepropetrovsk və Donetsk vilayətlərinə Rusiya hücumları nəticəsində daha altı nəfərin öldüyünü bildiriblər.
"Zaporojyeyə Şimali Koreyanın ballistik raketləri, "Tsirkon" gəmi əleyhinə raketlər, idarəolunan aviabombalarla zərbələr endirilib. Bu, mülki infrastruktura maksimum ziyan vurmağa hesablanmış qəddar hücum idi", – Zelenski sosial mediada yazıb.
Rusiya Müdafiə Nazirliyi isə Zaporojyedəki "Zaporojstal" polad zavodunu hədəfə aldığını bildirib. Nazirliyin iddiasına görə, zavod Ukrayna ordusu üçün metal istehsal edir.
Rusiya 2023-cü ildən bəri Ukraynaya qarşı işğalçı müharibədə bir sıra Şimali Koreya raketlərindən istifadə edib. Moskva müharibəni 2022-ci ilin fevralında başladıb.
"Reuters" ötən həftə Ukrayna hərbi kəşfiyyat rəsmisinə istinadla bildirib ki, Şimali Koreyanın raket bölməsinin Rusiyanın qərbindəki Voronej vilayətinə yerləşdirilməsinə başlanıb. Məlumata görə, bölmədə 120 ballistik raket və altı buraxılış qurğusu ola bilər.
İyulun 25-də Zelenski "Telegram"da yazıb ki, "Rusiya daha 30 min Şimali Koreya hərbçisi gətirmək istəyir və onların qəbulu üçün iyundan bəri Rusiyanın Voronej vilayətində hazırlıq işləri aparılır".
2024-cü ildə təxminən 12 min Şimali Koreya hərbçisi Rusiyanın Kursk vilayətinə yerləşdirilmişdi. Bu, Ukrayna qüvvələri qəflətən Rusiya ərazisinə daxil olmasından sonra baş vermişdi.