Şimali Koreya lideri Kim Çen In Rusiya ordusu sıralarında Ukraynaya qarşı genişmiqyaslı müharibədə iştirak edən əsgərləri mükafatlandırıb. Bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.
Agentliyin xəbərində deyilir ki, "şiddətli, ölümcül, qanlı döyüşlərdə bu əsgərlər Koreya Xalq Ordusunun sarsılmaz və görkəmli ideoloji-mənəvi üstünlüyünü və döyüş qabiliyyətini, koreyalıların əyilməz ruhunu bütün dünyaya nümayiş etdiriblər".
Mərasimdə həlak olan Şimali Koreya əsgərlərinin ailə üzvləri də iştirak edib.
Şimali Koreyanın Rusiyaya dəstək məqsədilə öz hərbçilərini göndərməsi barədə 2024-cü ilin oktyabrında məlumat yayılıb. Rusiya bunu 2025-ci ilin aprelində təsdiqləyib.
Şimali Koreya Rusiyanı sursat və raketlərlə təmin etməkdə davam edir. İyunda Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib ki, Kim Çen In Rusiyanın Kursk bölgəsini minalardan təmizləmək üçün minatəmizləyənlər və inşaatçılar göndərəcək.
Apreldə Cənubi Koreyadan olan deputatlar kəşfiyyat məlumatlarına istinad edərək bildirib ki, Şimali Koreya qoşunlarının Ukraynaya qarşı müharibədə ümumi itkiləri təxminən 4 min 700 nəfərdir, onlardan da 600-ü həlak olub.