Ukrayna ordusu Severskdən çıxdığını açıqlayıb

Seversk

Ukrayna qüvvələri Donetsk vilayətinin şərqindəki Seversk şəhərindən çıxıblar. Rusiya qoşunları həmin ərazidə hücuma keçərək vilayətin Ukraynanın nəzarətində qalan iri şəhərlərindən biri Slavyanska yaxınlaşmağa çalışır.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı dekabrın 22-də bildirib ki, "hərbçilərin həyatının qorunması, bölmələrin döyüş qabiliyyətinin saxlanılması məqsədilə" şəhərdən çıxıblar. Qərargahın məlumatında deyilir ki, Seversk ətrafında ağır döyüşlər gedir, Rusiya qoşunları canlı qüvvə və texnika baxımından hiss olunan üstünlüyə malikdir.

Silahlı Qüvvələrin bildirdiyinə görə, Rusiya qoşunlarının logistikasını kəsməklə onların hissə və bölmələrinin hücum potensialını azaltmağa çalışırlar.

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahı dekabrın 11-də Severskin Rusiya qoşunlarının nəzarətinə keçdiyini açıqlayıb. Ukrayna hərbi rəhbərliyi həmin vaxt şəhər uğrunda döyüşlərin davam etdiyini bildirmişdi.