NATO-nun baş katibi Kiyevə gedib

M.Rutte Ali Radada çıxış edib.

NATO-nun baş katibi Mark Rutte ABŞ-nin vasitəçiliyi ilə danışıqlar öncəsi Ukrayna paytaxtı Kiyevə gedib.

Sabah- fevralın 4-də Əbu-Dabidə danışıqlar gözlənilir.

ABŞ prezidenti Donald Tramp fevralın 2-də Ağ evdə jurnalistlərə deyib ki, Ukrayna və Rusiyadan "yaxşı xəbərlər" gözləyir.

Medianın yazdığına görə, ABŞ-ni danışıqlarda Trampın xüsusi elçisi Stiv Uitkoff təmsil edəcək.

M.Rutte isə fevralın 3-də Ukrayna parlamentində çıxış edib. Onun prezident Volodimir Zelenski ilə görüşəcəyi gözlənilir.

Xarkovda 820 ev istiliksiz qalıb

Rusiya fevralın 3-nə keçən gecə Ukraynanın Kiyev, Dnepr, Xarkov, Odessa və digər şəhərlərinə kütləvi dron və raket zərbələri endirib.

Kiyevdə çoxmərtəbəli yaşayış binalarına ziyan dəyib, uşaq bağçasında yanğın baş verib. "Ukrainska Pravda" yerli hakimiyyət orqanlarına istinadla üç nəfərin xəsarət aldığını xəbər verir.

Kiyevin ayrı-ayrı rayonlarında yanacaqdoldurma məntəqəsinə, bir neçə çoxmərtəbəli binaya, təhsil ocağına ziyan dəyib.

Xarkov hakim orqanları ötən gecə şəhərin enerji infrastrukturuna məqsədli zərbələr endirildiyini bildirib. Mer İqor Terexovun sözlərinə görə, hücum nəticəsində ən iri istilik-elektrik mərkəzlərindən birindən qidalanan 820 binada istilik sistemlərindən suyun boşaldılması qərarı verilib.

Dneprdə isə bir infrastruktur obyekti, iki fərdi yaşayış evi, üçmərtəbəli yaşayış binası və yataqxanaya ziyan dəyib.

Rusiya hakimiyyəti isə müharibə vaxtı Ukraynada mülki obyektlərin qəsdən vurulması ittihamlarını rədd edir.

2 fevral

Zelenski: Əbu-Dabidə danışıqlar fevralın 4-5-də davam edəcək

BƏƏ-nin Əbu-Dabi şəhərində Ukrayna üzrə üçtərəfli danışıqların növbəti raundu fevralın 4-5-də keçiriləcək. Bu haqda fevralın 1-də Ukrayna prezidenti Volodimir Zelenski məlumat verib.

O, məlumatı danışıqlarda iştirak edən Ukrayna nümayəndə heyətindən aldığını bildirib. Zelenski fevralın 1-də Əbu-Dabidə görüşün keçirilib-keçirilmədiyini açıqlamayıb. Daha öncə Rusiya, ABŞ və Ukrayna danışıqların yeni raundunun bazar gününə planlaşdırıldığını bildirmişdi.

Moskva və Vaşinqton, hələlik, Zelenskinin açıqlamasını şərh etməyib.

Bundan öncə Rusiya prezidentinin xüsusi elçisi Kirill Dmitriyev Florida ştatında ABŞ təmsilçiləri Stiv Uitkoff Cared Kuşnerlə görüşüb. Tərəflər danışıqları "məhsuldar və konstruktiv" adlandırıb.

Rusiya, Ukrayna və ABŞ-nin iştirakı ilə danışıqların ilk raundu yanvarın 23-24-də Əbu-Dabidə keçirilib. Tərəflər irəliləyiş olduğunu bildiriblər, amma ərazi məsələsində hələ də razılığa gəlmədiklərini etiraf ediblər.

Rusiya dronu Ukraynada mədənçiləri daşıyan avtobusu vurub.

16 şaxtaçı həlak olub

Fevralın 1-də Ukraynanın cənub-şərqi Dnepropetrovsk vilayətində iki dron zərbəsində azı 18 nəfər həlak olub, azı 7 nəfər yaralanıb.

Pavloqradda avtobusa dron zərbəsində 16 nəfər, Dneprdə fərdi evə zərbədə isə iki nəfər öldürülüb. Pavloqradda ölənlər növbədən qayıdan şaxtaçılar imiş.

Fevralın 1-də Rusiya dronları Ukraynanın Dnepropetrovsk vilayətində Pavloqrad rayonunda kömür mədəninə hücum edib. Dronlardan biri mədən işçilərinin olduğu xidməti avtobus yaxınlığında partlayıb. Hücuma azı 4 "Şahed" dronunun cəlb olunduğu bildirilib.

Rusiya hərbçiləri hücumu hələlik şərh etməyiblər.

Yenə bazar günü Rusiya hərbçiləri Zaporojye şəhərində doğum evinə hücum ediblər. İkisi pasiyent olmaqla 6 nəfər yaralanıb.

Son 24 saat ərzində Rusiyanın zərbələrindən Dnepropetrovsk vilayətində azı 3 mülki şəxs həlak olub.