Odessa yaxınlığında Azərbaycan heyətinin olduğu gəmiyə dron hücumu olub

Ukrayna Qara və Azov dənizlərində Rusiya tankerlərini vurub

news.az portalı və "Azərbaycan Dənizçilərinə Dəstək" İctimai Birliyinin sədri İlham Nəsirovun yaydığı məlumata görə, Odessa limanı yaxınlığında göyərtəsində 12 Azərbaycan və bir Türkiyə vətəndaşı olan quru yük gəmisi hücuma məruz qalıb. "Albatros Corporation" şirkətinə məxsus "ATA-2" adlı gəmiyə üç dron zərbəsi endirilib.

İlkin məlumatlara əsasən, hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb. Zərbələr gəmiyə ciddi ziyan vursa da, o, hərəkətini davam etdirə bilib.

İyulun 14-də Ukraynanın Odessa sahilləri yaxınlığında Türkiyənin "Okean Maritime" şirkətinə məxsus "Atlas Bey" mülki ticarət gəmisinə dronlarla hücum edilib. Gəminin kapitanı həlak olub, göyərtədəki 10 Azərbaycan vətəndaşı isə sahilə çıxa bilib.

İyunun əvvəlində isə Azov dənizində ümumilikdə 25 Azərbaycan vətəndaşının olduğu gəmilərə dron hücumları nəticəsində dörd nəfər həlak olub, dörd nəfər yaralanıb.

Ukrayna Rusiyanın dörd tankerini vurduğunu bildirir

Ukrayna ordusu Rusiyanın Qara dəniz və Azov dənizindəki dörd tankerinə zərbələr endirib. Bu haqda iyulun 30-da Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdi məlumat verib.

Brovdi "Telegram"da yazıb ki, son üç həftə ərzində ümumilikdə 205 tanker hədəfə alınıb. Onlardan 130-u Azov dənizində, 75-i isə Qara dənizdə vurulub.

Xəzər Boru Kəməri Konsorsiumu (CPC) iyulun 30-da səhər saatlarında bildirib ki, gecə saatlarında Marşall adaları bayrağı altında üzən "Nissos Sifnos" tankerinə hücum edilib. Gəmi "Tengizchevroil" şirkətinin neftini yükləyərkən konsorsiumun VPU-3 üzən yükləmə qurğusunda olub. Bu qurğu Qara dənizdə, Novorossiysk yaxınlığında yerləşir.

Konsorsiumun məlumatına görə, hücum nəticəsində tankerin yük göyərtəsində yanğın baş verib. Yanğın söndürülüb, tanker üzmə qabiliyyətini qoruyub saxlayıb, neft sızması baş verməyib və xəsarət alan olmayıb.

"Marathi" adlı tanker isə dəniz terminalından azı 11 kilometr məsafədə, neft yükləmək üçün terminala yaxınlaşarkən hücuma məruz qalıb. CPC bildirib ki, hücumlardan sonra neftin yüklənməsi müvəqqəti dayandırılıb.