Ukrayna Rusiyanın hərbi gəmisini vurduğunu deyir

MPSV07 layihəli Rusiya gəmisi

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (QUR) bildirir ki, xüsusi təyinatlı qüvvələri Krasnodar diyarının Novorossiysk sahillərində Rusiyanın Qara Dəniz Donanmasına məxsus bir gəmini vurub.

QUR-un məlumatına görə, 2015-ci ildə istismara verilmiş gəmi çoxfunksiyalı MPSV07 layihəsinə aiddir. O, dalğıc avadanlıqları, məsafədən idarə olunan qurğular, yan baxış üçün hidrolokator, eləcə də radioelektron kəşfiyyat vasitələri ilə təchiz olunub, dəniz dibinin araşdırılması üçün istifadə edilə bilər.

Kəşfiyyat gəminin dəyərini təxminən 60 milyon dollar olaraq qiymətləndirir. Rusiyanın dörd belə gəmisinin olduğu bildirilir.

"The Insider" nəşri çox güman ki, "Spasatel Demidov" gəmisinin vurulduğunu yazır.

QUR bildirir ki, hücum anında gəmi radioelektron kəşfiyyat aparır, Novorossiysk limanı yaxınlığında patrul xidməti həyata keçirirdi.

Zərbə dronla endirilib. Nəticədə radioelektron kəşfiyyat avadanlıqlarının məhv edildiyi və gəminin sıradan çıxaraq bahalı təmirə ehtiyac duyduğu bildirilir.

Gəminin vurulması ilə bağlı məlumatı, hələlik, müstəqil mənbələr təsdiqləməyib.

Bundan əvvəl Ukrayna Hərbi Dəniz Qüvvələrinin təmsilçisi Dmitro Pletençuk demişdi ki, Ukrayna Silahlı Qüvvələrinin Krıma ardıcıl zərbələrindən sonra Rusiyanın döyüş qabiliyyətli hərbi gəmiləri qalmayıb.

Peyk görüntüləri Rusiya Qara Dəniz Donanmasının salamat qalan döyüş birləşmələrinin məhz Novorossiysk limanında cəmləşdiyini göstərir.