Ukraynada Rusiya hərbçisi əsir alınmış ukraynalı əsgəri edam etməkdə təqsirli bilinərək ömürlük həbsə məhkum olunub. İlk dəfədir Ukraynada bu ittihamla həbs cəzası kəsilir.
Ölkənin Baş Prokurorluğu və Təhlükəsizlik Xidməti noyabrın 6-da bildirib ki, Zaporojyedəki məhkəmə 27 yaşlı Dmitri Kuraşovu bu cinayətə görə ömürlük həbsə məhkum edib.
Məhkəmə Rusiya ordusunun 127-ci Motoatıcı Diviziyasının "Storm-V" hücum bölməsinin nişançısı Kuraşovun silahsız ukraynalı əsgər Vitali Xodnyuku yaxın məsafədən vurub öldürdüyünü müəyyən edib. Bu bölmə həbsdən buraxılmaq qarşılığında Ukraynada döyüşə yazılan məhkumlardan təşkil olunub.
Məhkəmənin qərarına görə, Xodnyuk sığınacaqdan silahsız çıxıb, əllərini qaldırmaq və diz çökmək əmrlərinə əməl edib, Kuraşov isə "Kalaşnikov" avtomatından atəş açıb.
Oğurluğa görə məhkum edilibmiş
Kuraşov Rusiyada oğurluğa görə məhkum edilibmiş. 2023-cü ilin noyabrında amnistiya qarşılığında Rusiya Silahlı Qüvvələrinə qoşulub, Zaporojye cəbhəsinə göndərilib.
Hadisədən sonra Ukrayna qüvvələri əks-hücuma keçərək mövqelərini geri alıb, Kuraşov və daha dörd rusiyalı əsgəri əsir götürüb. Onlardan bəziləri məhkəmədə onun əleyhinə ifadə verib. Kuraşov döyüşdə bir gözünü itirib.
Kuraşov məhkəmədə əvvəlcə cinayətini etiraf edib. Sonradan etirafını geri götürməyə çalışıb, digər bir əsgərin məsuliyyət daşıdığını iddia edib. Ancaq məhkəmə digər əsirlərin ifadələrini, dəlilləri nəzərə alaraq onu təqsirli sayıb.
Bu arada Ukrayna hakimiyyəti beynəlxalq hüququn digər pozuntularını sənədləşdirir. Rusiya 2022-ci ilin fevralında Ukraynanın tammiqyaslı işğalına başlayandan 320-dən çox ukraynalı hərbi əsirin edamı artıq təsdiqlənib.
BMT-nin İnsan Hüquqları Monitorinq Missiyasının (HRMMU) fevral hesabatında Rusiya hakimiyyəti Ukrayna hərbi əsirlərini "sistematik və geniş yayılmış" işgəncəyə məruz qoymaqda ittiham olunub.
Hesabatda 2022-ci ilin fevralından bəri 71 ukraynalı hərbi əsirin edamının təsdiqləndiyi bildirilib. Missiya 2024-cü ilin avqustundan edamların "təhlükəli dərəcədə" artdığını, 24 insident zamanı azı 79 edamın baş verdiyini qeyd edib.
Sübutların artmasına baxmayaraq, Moskva hərbçilərinin Ukraynada vəhşilik törətdiyini inkar edir.