Sentyabrın 22-sində səhər Rusiya ordusu Zaporojyedə mülki infrastrukturu və sənaye obyektlərini vurub, 3 nəfər ölüb, 2 nəfər yaralanıb. Məlumatı vilayət administrasiyasının rəhbəri İvan Fyodorov yayıb.
Hava zərbələri nəticəsində 15 çoxmərtəbəli və 10 fərdi yaşayış evinə, qeyri-yaşayış obyektlərinə ziyan dəydiyi açıqlanıb. Bir fərdi ev tamamilə dağılıb.
Ötən gecə Dnepropetrovsk vilayətinin Nikopol və Sinelnikovo rayonları da Rusiya dronlarının hücumuna məruz qalıb. Yaralanan yoxdur.
Kiyev vilayətinə dron hücumları çoxmərtəbəli yaşayış binasında və bir neçə fərdi evdə yanğına səbəb olub. Bir nəfər qəlpə yarası alıb.
Sumı şəhərində sənaye obyektlərinə, bir təhsil ocağına ziyan dəyib, yaralanan var.
Ukrayna sentyabrın 22-nə keçən gecə Rusiyanın Ukraynaya 141 dron göndərdiyini, onlardan 132-sinin vurulduğunu bildirir.
Krımda “Foros” sanatoriyası vurulub
Ötən gecə Rusiyanın ilhaq etdiyi Krıma Ukraynanın dron hücumları nəticəsində azı 3 nəfər ölüb, 16 nəfər yaralanıb. Məlumatı yarımadaya Rusiya təyin etdiyi hakimiyyət orqanları verib.
Rusiya Müdafiə Nazirliyinin bildirdiyinə görə, “partlayıcı döyüş başlıqları” ilə təchiz edilmiş dronlar Krımın kurort zonasında mülki obyektlərə hücum edib.
Krıma təyin olunmuş başçı Sergey Aksyonov deyib ki, “Foros” sanatoriyasının ərazisində bir neçə obyektə və bir məktəb binasına ziyan dəyib. Şagirdlər distant təhsilə keçirilib.
Rusiya Müdafiə Nazirliyi əlavə edib ki, sentyabrın 22-nə keçən gecə Krım və Rusiyanın vilayətləri üzərində ümumilikdə 114 Ukrayna dronu vurulub.
Ukrayna Krıma zərbələrlə bağlı şərh verməyib. Daha öncə Ukrayna hərbi kəşfiyyatı ilhaq olunmuş Krımda 3 Rusiya Mi-8 helikopterinin və “Nebo-U” radiolokasiya stansiyasının məhv edildiyini bildirmişdi.
Rusiya isə bu məlumatı təsdiqləməyib.