Rusiyanın Qara dəniz donanmasının oktyabrın 24-nə keçən gecə Ukraynanın ilhaq olunmuş Krımda Sevastopol şəhərinə hücumunu dəf etdiyi bildirilir. Bu haqda Sevastopola Moskvanın təyin etdiyi qubernator Mixail Razvojayev məlumat verib.
Rusiya Krımı 2014-cü ildə ilhaq edib.
"Xarici reydin uca səsləri – Qara dəniz donanması, güman ki, sualtı diversiya qüvvələrinin hücumuna qarşı mübarizə aparır", – Razvojayev Telegram-da yazıb.
Rusiya Müdafiə Nazirliyi əlavə edib ki, "heyətsiz Ukrayna qayıqlarının aşkarlandığı ərazi raketlər və bombalarla vurulub”.
Ukrayna altı "Şahid"in vurulduğunu deyir
Ukrayna rəsmiləri məlumatı şərh etməyiblər, müstəqil təsdiqlətmək də mümkün olmayıb. İtki olub-olmadığı bəlli deyil.
Ukrayna Silahlı Qüvvələrinin Hava Qüvvələri Komandanlığı isə bir neçə vilayətə gerçəkləşən Rusiya hücumunda altı "Şahid" dronlarının hamısının vurulduğunu bildirib.
Rusiyanın Ukraynaya qarşı işğalı davam etdikcə Qara dəniz donanmasına hücumlar artır, Rusiyanın hərbi təchizat xətləri hədəfə alınır.
Kiyev Rusiya 2022-ci ilin fevralında başlatdığı işğaldan bəri ilhaq olunmuş dörd cənub vilayətinə nəzarəti bərpa etməkdən ötrü hücumları gücləndirib.
Ukrayna tədbirləri
Prezident Volodimir Zelenski oktyabrın 24-də iki fərqli forumda danışacaq. O, Ukraynadakı müharibə 20-ci aya girdiyi bir vaxtda ölkəsinə dəstək almaq yönündə işini davam etdirir.
Zelenski Praqada Krım Platformasının iclasına videobağlantı vasitəsilə müraciət edəcək. Bu iclasa Çexiyanın baş naziri Petr Fiala və Ukrayna parlamentinin başçısı Ruslan Stefançuk qatılacaq.
Ukrayna lideri Ukrayna-Almaniya biznes forumunda da videoçıxış edəcək. Həmin tədbirdə isə Ukraynanın baş naziri Denis Şmıhal və Almaniya kansleri Olaf Şolts iştirak edəcək.