Rusiyaya dron hücumunda ölənlər və yaralananlar var

Rostov limanı

Rusiyanın Rostov, Bataysk və Taqanroq şəhərlərinə Ukrayna dronları hücum edib. Məlumatı Rostov vilayətinin qubernatoru Yuri Slyusar verib. Onun sözlərinə görə, Rostovda yük gəmisi yanıb, ekipajın iki üzvü həlak olub, daha üç nəfər yaralanıb. 20 kvadratmetr sahədə yanğın söndürülüb.

Ukraynanın "Exilenova+" Telegram kanalı yazır ki, söhbət neft məhsullarının daşınması üçün nəzərdə tutulmuş "Valeri Qorçakov" tankerindən gedir. Bu məlumat rəsmi təsdiqlənməyib.

Rostovun qərb hissəsində tikilməkdə olan çoxmərtəbəli yaşayış binası zədələnib, xəsarət alan olmayıb.

Batayskda iki fərdi ev yanıb, 7 nəfər xəsarət alıb. Slyusarın dediyinə görə, xəstəxanaya yerləşdirilən yaralılardan birinin həyatını xilas etmək mümkün olmayıb. "Astra"nın məlumatına görə, evlərdən birindən 160 metr məsafədə elektrik yarımstansiyası yerləşir.

Rusiya Müdafiə Nazirliyi dekabrın 18-nə keçən gecə Ukraynanın 77 dronunun vurulduğunu bildirib. Dronlar Rostov vilayəti üzərində də zərərsizləşdirilib.

Ukrayna Rusiyaya zərbələrlə bağlı hələlik şərh verməyib.

+++

Rusiya Çerkasıya kütləvi dron zərbələri endirib, altı nəfər xəsarət alıb. Məlumatı Çerkası vilayəti hərbi administrasiyasının başçısı İqor Taburets verib. Onun dediyinə görə, Rusiya hərbçilərinin məqsədi kritik infrastrukturu vurmaq olub, şəhərin bir hissəsi işıqsız qalıb, energetiklər işi davam etdirirlər.

Azı 15 fərdi evə ziyan dəydiyi bildirilir.

Krivoy Roqda isə Rusiyanın hücumu nəticəsində dörd nəfər xəsarət alıb. Beş ikimərtəbəli evə, fərdi yaşayış evlərinə, inzibati binaya ziyan dəyib, kənd təsərrüfatı tikililəri yanıb.