Rusiyanın Ukraynaya genişmiqyaslı zərbələri: Ölənlərin sayı 18-ə yüksəlib

Kiyev raket və dron zərbəsindən sonra

Rusiyanın Ukraynaya zərbələrində ölənlərin sayı 18-ə yüksəlib, azı 100 nəfər yaralanıb.

Kiyevdə altı nəfərin öldüyü, 60 nəfərin yaralandığı, Dneprdə isə 12 nəfərin həlak olduğu açıqlanıb.

Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya ötən gecəki hücum zamanı 73 raket və 600-dən çox dron buraxıb. O, Vaşinqtonu yenidən əlavə "Patriot" hava hücumundan müdafiə raketləri göndərməyə çağırıb. Məqsəd Kiyevin tükənməkdə olan ehtiyatlarını bərpa etməkdir.

Zelenski Telegram-da yazıb: "Bu, genişmiqyaslı hücum idi və Rusiya tam aydın mesaj verir: əgər Ukrayna ballistik və digər raket hücumlarından qorunmasa, bu hücumlar davam edəcək".

Kreml isə iyunun 2-də bildirib ki, Ukrayna ordusunun mülki şəxslərə qarşı "qeyri-insani terror aktları"ndan sonra müharibə yeni mərhələyə daxil olub. Moskva ötən həftə "sistemli zərbələr" endirəcəyi ilə bağlı xəbərdarlıq etmiş və əcnəbiləri Kiyevi tərk etməyə çağırmışdı.

Zelenski ötən həftə ABŞ prezidenti Donald Trampa və Konqresə məktub göndərərək əlavə hava hücumundan müdafiə sistemləri istəyib. Rəsmilərin sözlərinə görə, iyunun 1-dək bu müraciətə cavab verilməyib.

Ukraynanın xarici işlər naziri Andriy Sibiqa isə tərəfdaş ölkələri Ukraynaya yardım etmək və Rusiyaya təzyiq göstərmək üçün konkret addımlar atmağa çağırıb.

"Sülh səyləri o zaman uğurlu olacaq ki, Moskvaya real təzyiq göstərilsin", - o, X platformasında yazıb.

Sibiqa Rusiyaya qarşı daha sərt sanksiyaların tətbiqi ilə yanaşı, Ukraynaya əlavə hərbi dəstək verilməsinə də çağırıb.

+++

Rusiya bazar ertəsi yerli vaxtla saat 18:00-dan başlayaraq Ukraynaya 73 raket və 656 pilotsuz uçuş aparatı (PUA) buraxıb. Bu barədə məlumatı Ukrayna Hərbi Hava Qüvvələri yayıb.

"Telegram" kanalında yayılan bəyanatda deyilir ki, hücum zamanı 40 raket və 602 pilotsuz aparat vurulub və ya zərərsizləşdirilib. Hücumun əsas hədəfinin paytaxt Kiyev olduğu bildirilir. Məlumatda həmçinin qeyd edilir ki, raket və dron zərbələri nəticəsində Ukrayna ərazisindəki 38 obyektə ziyan dəyib.

+++

Rəsmilər hücumların iyunun 2-də səhər saatlarında həyata keçirildiyini bildirir. Son günlərdə Moskva böyük bir hücuma hazırlaşdığı barədə xəbərdarlıq edirdi.

Kiyev meri V.Kliçkonun sözlərinə görə, raket zərbəsi nəticəsində 24-mərtəbəli yaşayış binası çöküb. Dağıntılar altında insanların qaldığı ehtimal edilir.

O əlavə edib ki, raket qalıqlarının düşməsi nəticəsində digər binalar, o cümlədən doqquzmərtəbəli yaşayış binası da yanıb.

İyunun 2-də səhər ölkənin böyük hissəsində hava hücumundan müdafiə siqnalları verilib.

"Kəşfiyyat xəbərdarlıqları qüvvədə qalır"

Ukrayna prezidenti V.Zelenski bir gün əvvəl mümkün genişmiqyaslı hücum barədə yenə xəbərdarlıq edib. O, gecə videomüraciətində deyib: "Rusiyanın zərbələri ilə bağlı kəşfiyyat xəbərdarlıqları qüvvədə qalır. Kütləvi hücum mümkündür. Onlar buna hazırlaşıblar".

Rusiya ötən həftə Kiyevdə Ukrayna ordusuna aid obyektlərə və qərar qəbuletmə mərkəzlərinə "sistemli zərbələr" endirəcəyini bildirib və xarici vətəndaşları şəhəri tərk etməyə çağırıb. Moskva bunun səbəbi kimi ötən ay Rusiyanın nəzarətindəki Luqansk vilayətində yataqxanaya dron hücumunu göstərir. Həmin hücumda 21 nəfərin öldüyü bildirilir. Ukrayna hadisə ilə əlaqəsini inkar edir.

Rusiyaya dron zərbələri

Rusiyanın Krasnodar vilayətində yerləşən İlski neft emalı zavodu dron hücumu nəticəsində yanmağa başlayıb. Bu barədə məlumatı yerli hakimiyyət orqanları yayıb.

Rusiyanın işğal altında saxladığı Krımın Sevastopol şəhərində isə hava hücumundan müdafiə sistemlərinin dron hücumlarını dəf etdiyi bildirilib.

Rusiya 2022-ci ilin fevralında Ukraynaya qarşı genişmiqyaslı işğala başlayıb. Münaqişənin dayandırılması üçün diplomatik səylər nəticəsiz qalıb. ABŞ prezidenti Donald Tramp administrasiyasının diqqəti hazırda əsasən Yaxın Şərqdəki münaqişələrə yönəlib.