Ukrayna prezidenti Volodimir Zelenski heç vaxt Rusiya işğalına qarşı Qərb əsgərləri istəməyib. Bunu Ağ ev martın 5-də bildirib. Fransa prezidenti Emmanuel Makron bundan öncə həmin ideyanı istisna etməmişdi.
"Prezident Zelenski bunu xahiş etmir, o, alətlər və bacarıqlar istəyir. O, heç vaxt ölkəsi üçün savaşmağa xarici əsgər istəməyib", - ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Körbi (John Kirby) jurnalistlərə deyib.
Makron isə martın 5-də bildirib ki, ötən həftə dediklərinin üstündə tam durur. Onun Ukraynaya Qərb qoşunları göndərməyi istisna etməməsi bütün Avropaya səs salıb.
"Qorxaq olmamalıyıq"
O həmçinin qeyd edib ki, Ukraynanın müttəfiqləri bu ölkəni dəstəkləməyə qorxaq yanaşmamalıdır.
"Avropada elə bir məqama yaxınlaşırıq ki, qorxaq olmamalıyıq. İnanıram ki, ölkələrimiz Avropada nə baş verdiyini, müharibənin torpağımıza qayıtdığını bilir", - Makron Çexiya Respublikasına səfəri zamanı deyib.
Onun sözlərinə görə, bu təhdid qarşısıalınmazdır, "hər gün" Avropa ölkələrinə yayılır.
Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin başçısı Sergey Narışkin isə "RIA Novosti" agentliyinə deyib ki, Makronun sözləri Avropa liderlərinin məsuliyyətsizliyini, onların dünyanı nüvə müharibəsinə sürüklədiyini göstərir.
Müttəfiqlərin reaksiyası
Makronun fevralın 26-da verdiyi bəyanatdan sonra bir çox Avropa müttəfiqləri Ukraynaya qoşun göndərməyəcəyini bildirib.
Fransa rəsmiləri Makronun dediyini aydınlaşdırmağa, tənqidi azaltmağa çalışsalar da, onu da qeyd ediblər ki, Rusiyaya Ukraynada qalib gələ bilməyəcəyinə dair aydın siqnal göndərmək vacibdir.
Onların sözlərinə görə, Ukraynaya Rusiya qüvvələri ilə savaşmağa deyil, ərazilərin minalardan təmizlənməsi əməliyyatları üçün qüvvələr göndərilə bilər.
Almaniyanın müdafiə naziri Makronun dediyini "faydasız" adlandırıb.
"Bizə gerçəkdən də... quru qüvvələri, yaxud daha çox, yaxud az cəsarət barədə müzakirələr lazım deyil", - Boris Pistorius söyləyib.