Ukrayna Təhlükəsizlik Xidməti (SBU) bildirib ki, polkovnik İvan Voroniçi Rusiya xüsusi xidmət orqanlarının agentləri qətlə yetirib. SBU-nun məlumatında qeyd olunub ki, qətli törədən şəxslər Kiyev vilayətində saxlanarkən müqavimət göstəriblər və nəticədə onlar "zərərsizləşdiriliblər".
SBU-nun rəhbəri Vasili Malyuk qətli törətməkdə şübhəli bilinən bu şəxsləri "Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) casus-döyüş qrupu" adlandırıb.
SBU iddia edib ki, polkovnik Voroniçin qətlini bir kişi və bir qadın törədib. Onlar, göstərişə uyğun olaraq, ukraynalı polkovniki izləyib və onun hərəkət marşrutlarını müəyyən ediblər.
SBU-nun Xüsusi Əməliyyatlar Mərkəzinin baş əməliyyat müvəkkili, polkovnik İ.Voroniç iyulun 10-da Kiyevdə güllələnib.
"The New York Times" yazıb ki, Voroniç SBU-nun beşinci idarəsində xidmət edirmiş. Bu idarə Rusiya və onun işğal etdiyi Ukrayna ərazilərində əməliyyatlar həyata keçirir. Bir müddət polkovnik Voroniç bu bölməyə rəhbərlik edib. Həmin idarə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsindən (CIA) dəstək alırdı və xüsusilə Donbasda rusiyapərəst separatçıların komandirlərindən biri, "Motorola" ləqəbli Arsen Pavlovun öldürülməsinə görə məsuliyyət daşıyırdı.
10 iyun
Kiyevdə Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki öldürülüb
Kiyevdə Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Xüsusi Əməliyyatlar Mərkəzinin baş əməliyyat müvəkkili, polkovnik İvan Voroniç güllələnib. Hadisə bu gün səhər saatlarında baş verib.
Ali Radanın sabiq deputatı İqor Mosiyçukun məlumatına görə, naməlum şəxs "səsboğucu ilə təchiz olunmuş tapançadan beş dəqiq atəş açıb, daha sonra cinayət yerindən qaçıb".
SBU qətllə bağlı istintaqın başladıldığını bildirib.