Xülasə
- Rusiya qüvvələri Pokrovskun şərq və cənub tərəflərində irəliləyir, yolları ələ keçirir, təchizat xətlərini tədricən kəsir və Ukraynanın müdafiəsini sıxışdırır: "Rusiya qoşunları ötən yay Pokrovska girə bildilər, amma ukraynalılar onları çıxardı. Məncə, bu dəfə ukraynalıların onları Pokrovskdan tamamilə çıxarması çox çətin olacaq"
- Pokrovskda Ukraynanın müdafiə xətti zəiflədikcə, narazılıq da üzə çıxmağa başlayıb: "Dəfələrlə qüvvələrin yenidən qruplaşdırılması, ikinci müdafiə xəttinin olmaması məsələsini qaldırmışam. ...Amma bizi eşidən yoxdur".
Yayın ortalarından Ukrayna qüvvələri Donetsk vilayətinin cəbhə xəttində yerləşən Pokrovsk şəhərində "gizlənpaç" oynayır: binaların xarabalıqları və zirzəmilərində peyda olan tək-tək Rusiya əsgərlərini, kiçik bölmələri izləyir, bir-bir zərərsizləşdirirlər.
Şəhərin şərq və cənub tərəflərində isə Rusiya qüvvələri irəliləyir, yolları ələ keçirir, təchizat xətlərini tədricən kəsir və Ukraynanın müdafiəsini sıxışdırır.
Ayın əvvəlində onlar dağılmış şəhərdə daha sabit mövqe tutublar. Şimalda Kupyansk, eləcə də digər istiqamətlərdə təzyiq altında olan Ukrayna qüvvələri onları geri oturtmaqda çətinlik çəkib.
Ekspertlər xəbərdarlıq edirlər ki, artıq çox gec ola bilər.
"Pokrovskdakı vəziyyət kritik həddə çatıb, getdikcə daha da pisləşir. Elə bir nöqtəyə yaxınlaşırıq ki, hər şeyi düzəltmək mümkün olmayacaq", – Ukrayna ordusu ilə əlaqəli "DeepState" layihəsinin analitikləri oktyabrın 29-da bildiriblər.
"Rusiya qoşunları ötən yay Pokrovska girə bildilər, amma ukraynalılar onları çıxardı. Məncə, bu dəfə ukraynalıların onları Pokrovskdan tamamilə çıxarması çox çətin olacaq", – açıq mənbələrlə işləyən finlandiyalı təhlilçi analitiki Pasi Paroynen AzadlıqRadiosunun Ukrayna xidmətinə deyib.
Ölkənin baş komandanı general Oleksandr Sırskinin oktyabrın 30-da bölgəyə səfəri Ukraynanın necə təhlükəli vəziyyətdə olduğunu göstərir.
"Vəziyyət çətindir, lakin Rusiya təbliğatının Pokrovsk və Kupyanskda Ukrayna qüvvələrinin guya mühasirəyə salınması iddiaları həqiqətəuyğun deyil", – o, Telegram-da yazıb.
"Eyni zamanda, Pokrovskda düşmən piyada qüvvələri açıq döyüşlərdən qaçır, şəhər daxilində toplaşır, mövqelərini dəyişir. Buna görə də əsas iş onları aşkarlayıb məhv etməkdir", – general əlavə edib.
Pokrovska necə sızırlar
Pokrovsk qərbdə Dnepropetrovskda Dnepr şəhərinə gedən bir böyük magistralın, şimal-şərqdə Konstantinovka dəmiryol qovşağına gedən başqa bir magistralın üzərində yerləşir. Bu şəhər 1100 kilometrlik cəbhənin mərkəzi və cənub hissələrində Ukraynanın müdafiəsinin əlaqələndirildiyi nöqtədir.
Həm də dəmiryol mərkəzi olan bu şəhərin əhalisi müharibədən öncə təxminən 60 min nəfər idi. İndi təxliyə çağırışlarına, əmrlərə məhəl qoymayan bir neçə min sakin qalıb.
Bir ildən artıqdır ki, Rusiya qoşunları kiçik qruplarla, motosikletlərlə, yerüstü nəqliyyat vasitələri ilə Ukrayna xətlərini yarıb sürətlə keçməyə çalışır. Axı xətlərdə boşluqlar çoxdur. Amma bu taktika ölümcül nəticələr verir, Rusiyanın astronomik itkilərinin bir səbəbi də budur. Amma Ukrayna dronlarından yayına, xəndəklərdən, bunkerlərdən sızıb keçə bilirlər.
Ukraynalı əsgərlər deyirlər ki, Rusiya qüvvələri həmçinin mülki şəxslər kimi geyinirlər, bu da onları hədəfə almağı çətinləşdirir.
Avqustda Rusiya qoşunları bu taktika ilə Pokrovskun şimal-şərqindəki Dobropolye şəhəri yaxınlığında Ukraynanın müdafiəsini yara bilib. Kiyev əraziyə təcili qüvvələr göndərib, bir neçə Rusiya bölməsini mühasirəyə salıb.
Oktyabrın ikinci həftəsi isə Rusiyanın diversiya-kəşfiyyat qrupu şəhərin mərkəz dəmiryol stansiyası ətrafına daxil olub. Rusiyalıların naməlum sayda mülki şəxsləri öldürdüyü iddia olunur. Onlar şimal-şərqə doğru irəliləyiblər.
"Elə bil torpaqdan çıxırlar. Bəlkə də, birinci dəfə gələndə girdikləri evlərdə gizləniblər", – bir hərbçi "Ukrainska Pravda"ya belə deyib.
Ukrayna əsgərlərinin hesablamasına görə, oktyabrın 29-dək şəhərin şərq rayonlarında 200-400 Rusiya əsgəri vardı. Ukrayna rəsmiləri şiddətli küçə döyüşlərinin getdiyini bildiriblər.
"Artıq şəhərin içərisində olduqları və orada böyük sayda fəaliyyət göstərdikləri aydındır", – Paroynen belə deyir.
7-ci Korpusun sözçüsü, kiçik leytenant Sergiy Okişev AzadlıqRadiosunun "Donbas Realities" layihəsinə deyib ki, onları izləmək çətin deyil, qarşısını almaq çətindir: "Çünki düşmən canlı qüvvə və dağıdıcı güc baxımından say üstünlüyünə malikdir. Buraya artilleriya və zərbə dronları, əsasən də idarəolunan aviabombalar daxildir".
Şəhərin şərqində T0504 magistralı üzərində Mirnoqrad qəsəbəsi yerləşir. Ukrayna qüvvələri orada mühasirəyə düşməməyə çalışırlar. Ukrayna hərbi analitiki Denis Popoviç deyib ki, əgər Mirnoqrad gedərsə, bütün magistral təchizat marşrutu risk altına düşəcək.
"Əgər Pokrovsk ələ keçsə, bu Mirnoqrad üçün ölümcül olar. Bu zaman Dnepropetrovsk regionuna gedən yol açılar, geniş cəbhə boyunca irəliləmək mümkün olacaq", – Popoviç "Current Time"a bildirib.
"Öhdəsindən gələrik"
Pokrovskda Ukraynanın müdafiə xətti zəiflədikcə, narazılıq da üzə çıxmağa başlayıb.
"Tammiqyaslı müharibənin dördüncü ili bitmək üzrədir, şəhər ərazilərinin müdafiəsi üçün hələ də təşkilatlanmış bir sistemin olmaması kədərlidir. Bu, bizə artıq baha başa gəlib, hələ də gəlir", – "Oleks" ləqəbli ukraynalı zabit ötən həftə Telegram-da yazıb.
"Dəfələrlə qüvvələrin yenidən qruplaşdırılması, ikinci müdafiə xəttinin olmaması məsələsini qaldırmışam. Bu, bölmələrimizin mühasirəyə düşməsinə səbəb olacaq, amma bizi eşidən yoxdur", – bunu isə adının çəkilməsini istəməyən bir briqada komandiri "Ukrainska Pravda"ya bildirib.
"Pokrovsk cəbhəsində qələbə çalacağımızı gözləmirəm. Bu, çox kədərlidir", – "Volt" ləqəbli əsgər deyib.
"Niyə belədir? Çünki onlarla döyüşməyə imkanlarımız yetmir. Artilleriyamız kifayət deyil. Düşmənin radioelektron mübarizə vasitələri, radarları çox effektivdir. Kəşfiyyatımız zəifdir. Vəziyyət budur. Daha nə deyim? Öhdəsindən gələcəyik, hər şey yaxşı olacaq", – o, "Current Time"a danışıb.
"Pokrovskda vəziyyət pisləşir. Logistika, demək olar, yoxdur. Ayrı-ayrı mövqelər düşmən xəttinin arxasında qalıb. Niyə? Çünki artıq vahid cəbhə xətti mövcud deyil", – bunu isə ordunu dəstəkləmək üçün dronların alınmasına vəsait toplayan ukraynalı fəal və məşhur bloqer Sergiy Sternenko X sosial şəbəkəsində yazıb.