Ukraynaya yeni hərbi yardım mexanizmi çərçivəsində "Patriot" və HIMARS sistemləri də göndəriləcək. Bunu Ukrayna prezidenti Volodimir Zelenski Kiyevdə Avropa Parlamentinin sədri Roberta Metsola ilə mətbuat konfransında bildirib.
Sözügedən mexanizm ABŞ və Avropadakı müttəfiqləri arasında razılaşdırılıb, "Priority Ukraine Requirements List" (PURL – Ukraynanın prioritet ehtiyaclarının siyahısı) adlanır. Bu mexanizm çərçivəsində Ukrayna ABŞ-dən silah alacaq, maliyyələşməni isə NATO ölkələri gerçəkləşdirəcək. "Reuters" xəbər verir ki, ABŞ müdafiə nazirinin siyasət üzrə müavini Elbrik Kolbi artıq bu mexanizm çərçivəsində Ukraynaya iki yardım paketini təsdiqləyib.
"PURL proqramı çərçivəsində tərəfdaşlarımızdan 2 milyarddan çox maliyyə vəsaiti almışıq. Oktyabrda əlavə vəsait də alacağıq. Ümumi məbləğ təxminən 3-3.5 milyard olacaq. İlk iki yardım paketinin məbləği 500 milyon dollarlıqdır... Bu paketlərdə "Patriot" və HIMARS sistemləri üçün raketlər də olacaq", – deyən Zelenski bütün detalları açıqlamayacağını əlavə edib.
"Patriot" hava hücumundan müdafiə sistemi, HIMARS isə reaktiv yaylım atəşi sistemidir.
Yeni silah təchizatı mexanizmi ilə bağlı razılaşma iyulun ortalarında açıqlanıb. Media yazır ki, Ukrayna hər dəfə 500 milyon dollarlıq paketlər çərçivəsində Silahlı Qüvvələr üçün prioritet silah növlərini müəyyən edəcək, NATO-ya üzv ölkələr isə bu xərcləri öz aralarında bölüşdürəcəklər.