Ukraynalı əsgərlər aylarla Xarkov vilayətindəki Kupyansk şəhərini ələ keçirmək və qorumaq uğrunda döyüşüblər. Oskol çayının ikiyə böldüyü bu şəhərdə hazırda istifadəsiz dəmiryol xətti yerləşir.
Ukraynanın 14-cü Əlahiddə Mexanikləşdirilmiş Briqadası və digər bölmələr ötən ilin payızında Rusiya qoşunlarının qəfil hücumunu dəf edə biliblər. AzadlıqRadiosunun Ukrayna xidmətinin məlumatına görə, bu, 14-cü briqadaya ağır başa gəlib.
Ötən həftə briqadanın bəzi əsgərlərinin yaxınları narazılıqlarını ictimailəşdirərək bir dəri-bir sümük əsgərlərin şəkillərini yayıblar. Onlar bunu qida və su çatışmazlığı, həmçinin pis idarəetmə ilə əlaqələndiriblər.
Olqa bildirib ki, əri və briqadanın digər üzvləri günlərlə yeməksiz və susuz qalıb: "Mənə yazmışdı ki, "Sağam, amma acıq"… Doqquz gün idi ki, yemək yeməmişdilər".
Anastasiya adlı digər bir əsgər xanımı AzadlıqRadiosuna şikayətlənərək deyib: "Mədə quruyana qədər yeməksiz nə qədər yaşamaq olar? Əvvəl mədə işləməyi dayandırır. Sonra susuzlaşma başlayır. Su olmadığı üçün onların ayaqları ağrıyırdı".
Briqada komandiri vəzifəsindən azad edilib
Bu şəkillər və şikayətlər Ukrayna cəmiyyətində ciddi rezonans doğurub. Dörd ildən çoxdur davam edən müharibə onsuz da əhalini yorub. Məsələ ordu rəhbərliyinin də diqqətini çəkib. Aprelin 24-də general Oleksandr Sırski 14-cü briqadanın komandirini vəzifəsindən azad edib. Baş Qərargah səbəb kimi briqadanın ərzaq təminatında yaranmış ciddi problemləri göstərib.
2022-ci ilin fevralında Rusiya genişmiqyaslı işğala başlayandan bəri Ukrayna əzmkarlıq və qətiyyət, Qərb silahları və dron texnologiyaları sayəsində Rusiyanın qarşısında dura bilib. Bununla belə, orduya canlı qüvvənin cəlb edilməsi ciddi problem olaraq qalır. Prezident Volodimir Zelenski və deputatlar iki il ərzində səfərbərlik qanunvericiliyində islahatları razılaşdırsalar da, hərbi xidmətdən yayınma halları geniş vüsət alıb. Çağırış sisteminin mərkəzləşdirilməməsi korrupsiya və rüşvət iddialarına yol açıb.
Ukraynanın ən təcrübəli bölmələrindən olan 3-cü Əlahiddə Hücum Briqadası şəxsi heyətin say tərkibini əsasən lazımi səviyyədə saxlaya bilib. Digər hərbi hissələr isə həm şəxsi heyətin sayı, həm də yeni çağırışçıların təlim keyfiyyəti ilə bağlı çətinlik çəkir. Məsələn, Qərbdə təlim keçmiş və müasir texnika ilə təchiz olunmuş 155-ci Əlahiddə Mexanikləşdirilmiş Briqada fərarilik, qarşılıqlı ittihamlar və komandanlığın ünvanına kəskin ictimai tənqid dalğası ilə üzləşib. Briqada komandiri cəbhəyə yollanmağa bir neçə gün qalmış vəzifəsindən azad edilib.
Xarkov vilayətinin Kupyansk rayonu yaxınlığında aylarla təminatdan məhrum qalan və taqətdən düşmüş Ukrayna hərbçisi.
"Tez-tez huşumuzu itiririk"
Kupyansk yaxınlığındakı 14-cü briqada üzvlərinin yaxınları AzadlıqRadiosunun Ukrayna xidmətinə deyiblər ki, bölmə yeddi ayadək ərzaq və təchizat çatışmazlığı ilə üzləşib. Keçən həftə digər bir əsgər xanımı Anastasiya Silçuk Facebook-da hərbçilərin fotolarını paylaşaraq onların bu sözlərini sitat gətirib: "Yeddi aydır ərzaq, su və yanacaq davamlı gecikir. Tez-tez huşumuzu itiririk, mövqelərimizi müdafiə etmək üçün fiziki gücümüz qalmır".
Komandirlər və ordu rəsmiləri təminat qıtlığını inkar etməyiblər; onlar mövcud vəziyyəti qismən döyüşlərin getdiyi Oskol çayı üzərindən yüklərin daşınmasının çətinliyi ilə əlaqələndiriblər. Rəsmilər məhdud miqdarda təchizatın dronlar vasitəsilə çatdırıldığını qeyd ediblər. Briqadanın sözçüsü Nadiya Zamrıqa isə AzadlıqRadiosuna açıqlamasında logistika ilə bağlı vəziyyətin artıq stabilləşdiyini bildirib.
Problemlər daha dərindir
Ukrayna ordusunun fəaliyyətinə nəzarət edən hüquq müdafiəçisi Olqa Reşetilovanın sözlərinə görə, logistika problemi təkcə 14-cü briqadaya məxsus deyil. O, qoşunların rotasiyası və tükənmiş bölmələrin cəbhə xəttindən geri çəkilməsi ilə bağlı daha genişmiqyaslı problemlərin mövcudluğuna diqqət çəkib.
İstefada olan polkovnik, 53-cü motoatıcı briqadanın sabiq komandiri Anatoli Kozyol isə bildirib ki, zabitlər tez-tez rəhbərliyə yanlış məlumatlar ötürürlər. O vurğulayıb ki, bu problem təkcə logistika ilə deyil, həm də cəbhədəki real vəziyyət və müdafiə mövqelərinin durumu ilə bağlıdır: "Cəbhədə elə mövqelər var ki, real taktiki vəziyyətə cavab vermir. Bəzi mövqelərdə hazırlıq səviyyəsi uzun müddət yarımçıq qalıb, rabitə yoxdur... Lakin briqada komandiri bunu yuxarı rəhbərliyə bildirməkdən sadəcə qorxur".