Ukrayna dronları Tatarıstanda zavodu vurub. 13 nəfər həlak olub

Nijnekamska dron hücumu (Arxiv fotosu)

Avqustun 10-na keçən gecə dronlar Tatarıstanın Nijnekamsk şəhərindəki sənaye zonasına hücum edib. Tatarıstan hakimiyyəti mülki və istehsal obyektlərinin hücuma məruz qaldığını bildirir.

Yerli rəsmi qurumlar Nijnekamska dron hücumu nəticəsində 12 nəfərin öldüyünü, 39 nəfərin yaralandığını bildirib. Bir müddət sonra ölənlərin sayının 13-ə çatdığı açıqlanıb.

"Astra" nəşrinin təhlilinə görə, hücumun hədəfi ehtimal ki, "Nijnekamskneftxim" şirkəti olub. Bu, Avropanın ən böyük neft-kimya komplekslərindən biridir, "SİBUR" holdinqinə daxildir. Sənaye zonasındakı iki neft emalı zavodu daha əvvəl də dron hücumlarına məruz qalıb.

Ukraynanın monitorinq kanalları zərbənin neft emalı zavoduna endirildiyini ehtimal edirlər. Hələlik bunu müstəqil mənbələr təsdiqləməyib.

Rostov vilayətinin qubernatoru Yuri Slyusar da dron hücumu barədə məlumat verib. Onun sözlərinə görə, ötən gecə vilayət üzərində 70-dən çox dron vurulub.

Moskvanın meri Sergey Sobyanin şəhərə yaxınlaşan 13 dronun vurulduğunu bildirib. Rusiyanın ilhaq etdiyi Sevastopolun rəhbəri Mixail Razvojayev 15 dronun vurulduğunu, "İnjir" çimərliyi ərazisində meşə yanğınının baş verdiyini açıqlayıb.

Xəsarət alanlar barədə məlumat yoxdur. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı zərbələrlə bağlı hələlik açıqlama verməyib.