"SpaceX"in qurucusu İlon Mask X sosial şəbəkəsində yazıb ki, Rusiya dronlarının "Starlink" peyk rabitəsindən istifadəsini önləmək üçün atdığı addımlar effektiv olub.
Ukraynanın müdafiə naziri Mixaylo Fyodorov isə cavabında yazıb ki, ilk addımlar real nəticələr verir, Ukrayna hökuməti "SpaceX" komandası ilə birlikdə növbəti "vacib" addımlar üzərində işi davam etdirir. Nə Mask, nə də Fyodorov həmin addımlar haqda detallı yazıb.
İlk dəfə 2025-ci il dekabrın 15-də Ukraynanın hərbi radio-texnologiyalar üzrə aparıcı eksperti Sergiy Beskrestnov Rusiya dronunda "Starlink"in aşkarlanması haqda yazıb. O, yanvarın 25-də Ukrayna müdafiə nazirinin texnoloji məsələlər üzrə müşaviri təyin edilib. Yanvarın 31-də Telegram-da yazıb ki, Ukraynada "Starlink" istifadəçilərinin bir çoxu "SpaceX"in Ukrayna Müdafiə Nazirliyinin xahişi ilə gördüyü ilk əks-tədbirləri müşahidə edir. O, bu tədbirləri müvəqqəti və təcili adlandırıb, gələcəkdə "qlobal, düşünülmüş" bir həllin onların yerini tutacağını deyib. Beskrestnov hansı tədbirlərin görüldüyünü açıqlamayıb.
Ukraynanın UNIAN agentliyi Rusiyanın Z-kanallarına istinadla yazır ki, "SpaceX" terminalların yerdəyişməsinin sürətini izləməyə başlayıb: dron (və ya terminalların quraşdırıldığı vasitə) 75-90 km/saat sürət yığdıqda onlar işləməyi dayandırır.
İ.Mask ABŞ prezidenti Donald Trampın seçki kampaniyasını dəstəkləyib, bir müddət onun administrasiyasında Hökumətin Səmərəliliyi Departamentinin fəaliyyətinə cavabdeh olub. Mask son illər həm Ukrayna hakimiyyətini korrupsiyada suçlayıb, həm də Avropa ölkələrinin Rusiya-Ukrayna müharibəsinə dair siyasətini sərt tənqid edib. Amma "Starlink" Ukrayna ordusu üçün rabitənin təmin olunmasında əsas elementlərdən biri olaraq qalır. Sistem dron hücumlarının planlaşdırılması və gerçəkləşdirilməsində də istifadə olunur.
Mask 2025-ci ildə "Starlink"i "Ukrayna ordusunun onurğa sütunu" adlandırıb. O deyib ki, sistem söndürülsə, bütün cəbhə xətti çökər. Amma "Starlink"dən Rusiya ordusu da yararlanır, onlar qara bazardan alınmış terminalları tətbiq edir.
Sizin brauzer HTML5-i dəstəkləmir
İlon Maskın 'Starlink'i Ukraynaya necə kömək edir