Rusiyanın Ukraynada apardığı müharibənin təsirləri getdikcə Finlandiya körfəzinə də yayılır.
Noyabrın 21-də Kalininqrada gedən "Sparta II" yük gəmisi dron hücumuna məruz qalıb. Gəminin Rusiya Müdafiə Nazirliyi ilə əlaqəli olduğu bildirilir. Yanğın başlayan gəmi yedəyə alınaraq Finlandiyanın ərazi sularına aparılıb.
Bundan bir neçə dəqiqə sonra Rusiya helikopteri Loviisa yaxınlığında Finlandiyanın hava məkanını pozub. Finlandiyanın baş naziri Petteri Orpo bildirib ki, Ukraynadakı müharibənin əks-sədası artıq Finlandiya sərhədlərinin yaxınlığında da hiss olunur.
Finlandiya parlamentinin deputatı, ölkənin Silahlı Qüvvələrinin keçmiş komandanı, istefada olan general Yarmo Lindberq hesab edir ki, bu hadisələrə daha geniş hərbi kontekstdə yanaşmaq lazımdır.
Yeni cəbhə xətti?
Lindberq noyabrın 22-də AzadlıqRadiosuna müsahibəsində xəbərdarlıq edib ki, Avropa artıq sülh və müharibə arasında təhlükəli bir həddədir. Onun sözlərinə görə, Ukrayna artıq öz ərazisindən xeyli uzaqda yerləşən kiçik, hətta hərəkətdə olan hədəfləri də vurmaq gücündədir. Belə ki, Finlandiya yaxınlığında raket korvetini vuran Ukrayna uzaq məsafədəki ikinci gəmini də sıradan çıxara bilib. Bəs bununla Finlandiya körfəzindəki gəmiçilik marşrutları yeni cəbhə xəttinə çevrilirmi?
General bildirir ki, əslində, bu bölgədə cəbhə xətti artıq Finlandiya körfəzinin şərq hissəsindəki neft terminalları ətrafında formalaşıb. Ukrayna son həftələrdə, hətta bir aya yaxındır ki, həmin obyektlərə ardıcıl dron zərbələri endirir: "Dəyişən əsas məqam odur ki, Ukrayna artıq öz ərazisindən xeyli uzaqda — Baltik dənizində, Finlandiya körfəzində yerləşən kiçik və hərəkətdə olan hədəfləri də vura bilir. Bu, yeni bir mərhələdir və ukraynalıların artıq belə bir imkan qazandığını göstərir. Digər tərəfdən, Ukrayna müharibə boyu Qara dənizdə Rusiya Hərbi Dəniz Qüvvələrinin gəmilərini hədəfə alaraq donanmaya dəfələrlə zərbə endirib. Yəni onlar həm dənizdəki hədəfləri vura bilir, həm də neft terminalları kimi stasionar obyektlərə zərbələr endirirlər".
Rusiya qüvvələrini Finlandiya ilə sərhədə nə vaxt qaytaracaq?
Rusiya gələcəkdə Finlandiya sərhədi boyunca müharibədən əvvəlkindən daha böyük hərbi qüvvə cəmləşdirə bilər. Y.Lindberq əvvəllər də belə bir xəbərdarlıq etmişdi. Bəs bu hazırlıqlar hansı mərhələdədir? Rusiya qüvvələrinin Leninqrad Hərbi Dairəsinə qayıtmasına hazırlaşmaq üçün Finlandiyanın nə qədər vaxtı var? AzadlıqRadiosunun Vaşinqton müxbiri Aleks Raufoğlunun bu sualına cavabında general bildirir ki, Finlandiyanın şərqində yerləşən iri hərbi qarnizonlar hazırda boşdur. Rusiya müharibənin əvvəlində həmin qüvvələri Ukraynaya göndərib: "Rusiya Leninqrad Hərbi Dairəsini yenidən aktivləşdirib və əvvəlkindən daha böyük hərbi struktur yaradıb. Briqadalar diviziyalara çevrilib... İndi əsas sual budur: yaxın gələcəkdə Finlandiyanın şərqində bu böyük hərbi birləşmələrin yerləşdirilməsinə imkan verəcək konkret hərbi tikinti işlərini görəcəyikmi? Bunu zaman göstərəcək. Amma belə hazırlıqlar müəyyən vaxt tələb edir".
General Lindberq Avropa və Finlandiya üçün atəşkəsə və davamlı sülhə nail olmağı son dərəcə vacib sayır. Bununla belə, o, Rusiya hərbi birləşmələrinin ən azı bir hissəsinin əvvəlki bazalarına qayıdacağını da kifayət qədər real ehtimal adlandırır və bir gün onların geri dönəcəyini mümkün hesab edir.