Rusiya-Ukrayna müharibəsində döyüşlərdə iştirakda ittiham olunan Azərbaycan vətəndaşları ölkəyə qayıdandan sonra Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib. Bu azərbaycanlılar arasında həm Rusiya, həm də Ukrayna tərəfində döyüşməkdə təqsirləndirilənlər var. Onlara qarşı Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (ölkədən kənarda Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin tərkibində iştirak) maddələri ilə ittiham irəli sürülüb. Bu maddələrin sanksiyasında 3 ildən 8 ilədək həbs cəzası nəzərdə tutulub.
AzadlıqRadiosunun məlumatına görə, bu ittihamla həbs olunanlardan bir neçəsinin məhkəməsi bugünlərdə yekunlaşıb. Onların işlərinə ayrı-ayrılıqda baxılıb, hətta bəzilərinin mühakiməsi Bakıda yox, bölgələrdəki məhkəmələrdə həyata keçirilib.
"Təzyiq göstərib seçim qarşısında qoydular"
32 yaşlı Murov Mirhəşimliyə bir neçə gün öncə Lənkəran Ağır Cinayətlər Məhkəməsi 3 il həbs cəzası kəsib. Beyləqan sakini olan Mirhəşimli 2023-cü ilin martından 2024-cü ilin oktyabrınadək Ukrayna tərəfdən müharibədə iştirakda təqsirli bilinib. İttihama əsasən, o, Ukraynanın Xarkov və Xerson şəhərlərində taktiki döyüş təlimlərində və döyüş postlarının mühafizəsində iştirak edib.
Mirhəşimli isə özünü təqsirli bilmir. Məhkəmədə deyib ki, yaşayış icazəsi əsasında ailəsi ilə birlikdə Xerson şəhərində yaşayıb. Səfərbərlik vaxtı 60 yaşadək kişiləri, o cümlədən onu hərbi xidmətə cəlb ediblər: "Mənim sənədlərimdə problem vardı, evdə mübahisə zamanı cırılmışdı. Təzyiq göstərib seçim qarşısında qoydular: ya cinayət işi başlayacaq, ya da müharibəyə gedim. Müharibəyə getməyə razılaşdım. Sənəd imzalasam da, onun müqavilə olduğunu bilməmişəm".
Mirhəşimlinin dediyinə görə, raket zərbəsindən yaralanıb. Buna baxmayaraq, arxa cəbhədə iştirakını davam etdirib. Həmin vaxt ayağı yanıb. Bir müddət sonra Azərbaycana qayıdıb. Yenidən Ukraynaya getmək istəyəndə isə onu buraxmayıblar. O, çıxışının sonunda məhkəmədən bəraət istəyib.
"4 milyon rubl alıb"
33 yaşlı Fariz Hüseynovu isə Bakı Ağır Cinayətlər Məhkəməsi 4 il azadlıqdan məhrum edib. O, 2024-cü ilin aprelindən avqustadək Donetsk vilayətində Rusiya tərəfdən silahlı birləşmələrin tərkibində döyüşməkdə təqsirli bilinib.
Hüseynov məhkəmədə ifadəsində özünü təqsirli bildiyini deyib, əməlindən peşman olduğunu dilə gətirib. 2024-cü ildə Rusiyaya getdiyini söyləyən Hüseynovun sözlərinə görə, cəmi 15 gün aktiv hərbi əməliyyatlarda iştirakı olub. Təxminən bir ay isə təlimlərdə iştirak edib.
Sizin brauzer HTML5-i dəstəkləmir
Baş Prokurorluqdan Ukrayna savaşı xəbərdarlığı: 'Rusiya tərəfində döyüşən azərbaycanlılara yönəlib'
Döyüşlər zamanı dron vasitəsilə atılan qumbaradan qəlpə yarası aldığına görə xəstəxanaya yerləşdirilib. Müharibədə iştirakına və yaralandığına görə 4 milyon rubl (təxminən 92 min manat) pul veriblər.
Hüseynov vurğulayıb ki, Rusiya tərəfdən döyüşlərə pula görə qoşulmayıb. Dediyinə görə, müharibəyə yollanmamışdan öncə "Palmali" şirkətlər qrupunda işləyirdi və 3 min 500 dollar maaş alırdı. Sağlamlığındakı problemlərlə əlaqədar 7 il müalicə aldığını söyləyən Hüseynov psixi pozuntu səbəbindən bu addımı atdığını əlavə edib.
Araşdırma zamanı məlum olub ki, o, 2020-ci ildə Respublika Psixiatriya Xəstəxanasında müalicə alıb. Amma istintaq zamanı keçirilən ekspertiza onun anlaqlı olması və hərəkətlərinin nəticəsini dərk etməsi barədə rəy verib.
"Rusiya vətəndaşlığını ala bilməyib"
35 yaşlı Real Nəbiyevə isə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il cəza verilib. O, Donetsk vilayətinin Baxmut şəhərində "Vaqner" qruplaşmasının tərkibində döyüşlərdə iştirakda təqsirli bilinib.
Məhkəmədə ifadəsində özünü təqsirli bildiyini deyən Nəbiyevin sözlərinə görə, üç-dörd yaşında atası ilə birlikdə Rusiyaya köçüb, orada Kazan, Samara kimi şəhərlərdə yaşayıb. 2021-ci ildə Samarada polisi döyməyə görə həbs olunub, ona 3 il 4 ay həbs cəzası kəsilib. Bu cəzanı çəkdiyi zaman – 2022-ci ildə – cəzaçəkmə müəssisəsinə "Vaqner" qruplaşmasının vəzifəli şəxsləri gəlib. Onun sözlərinə görə, məhkumlara azadlığa buraxılmaq qarşılığında 6 aylıq müharibədə iştirak təklif olunub. Hər bir məhbusa aylıq 220 min rubl (təxminən 5 min manat) pul və Rusiya vətəndaşlığı vədi verilib.
Ümumilikdə 5 ay 15 gün hərbi əməliyyatlarda iştirak etdiyini, 2023-cü ildə Baxmut şəhərində yaralandığını deyən Nəbiyev əlavə edib ki, ona vəd olunan 1 milyon 458 min rublu alıb. Həmçinin ona bir neçə orden və medal verilib. Amma Rusiya vətəndaşlığını ala bilməyib. Üstəlik, əvvəllər polisi döyməsi əsas gətirilərək 2024-cü ilin əvvəlində Rusiyadan deportasiya olunub.
Bir müddət Qırğızıstanda yaşayan Nəbiyev 2026-cı ilin yanvarında Azərbaycanda həbs olunub.
Xatırlatma
2025-ci ilin oktyabrında "Europol" "Vaqner" və "Redut" özəl hərbi birləşmələrin döyüşçüsü olmaqda şübhəli bilinən azı 650 nəfərin kimliyini müəyyənləşdirdiyini açıqlayıb. Onların arasında Azərbaycan vətəndaşları da olub.
Ardınca 2025-ci ilin sonunda Azərbaycanın Baş Prokurorluğu ölkə vətəndaşlarına Rusiya-Ukrayna müharibəsində iştirakla bağlı xəbərdarlıq edib. Prokurorluğun yaydığı açıqlamada vurğulanıb ki, ideoloji, maddi, şəxsi və digər maraqlardan asılı olmayaraq, xarici dövlətlərin ərazisindəki silahlı münaqişələrdə iştirak cinayətdir. Bu əmələ görə Azərbaycan qanunvericiliyində ağır cəza nəzərdə tutulub.
Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsi artıq beşinci ildir davam edir. Moskva müharibədəki canlı itki qüvvəsini doldurmaq üçün müxtəlif yollara əl atır; yaralı əsgərlərin birbaşa xəstəxanadan cəbhəyə göndərildiyi, sərxoşlarla müqavilələr imzalandığı bildirilir.
Müharibəyə məhbuslar, cinayət istintaqı altında olan şəxslər və xarici vətəndaşlar da cəlb edilib. Bəzi müqaviləli hərbçilər cəbhəyə yüksək maaş və bonuslara görə gedir.