Avropa İttifaqına (Aİ) üzv olan bütün dövlətlər Ukrayna və Moldova ilə üzvlük danışıqlarının ilk mövzular bloku üzrə açılmasına razılıq verib. Bu barədə iyunun 4-də Ukrayna baş nazirinin birinci müavini – iqtisadiyyat naziri Yuliya Sviridenko məlumat verib.
"Fantastik xəbərdir. Aİ üzvlüyünə bir addım da yaxınlaşdıq və məqsədimizə doğru ardıcıl irəliləyirik", – deyə Sviridenko X sosial şəbəkəsində yazıb.
Aİ-yə sədrlik edən Kipr X platformasında bildiriş yayaraq hər iki ölkə ilə danışıqların ilk fəslinə hazırlıqların başladığını bəyan edib. Həmin fəsillər hüququn aliliyi və demokratik standartlar kimi fundamental sahələri əhatə edir. "Bu, onların Avropa inteqrasiyası yolunda mühüm mərhələdir, Aİ-nin birliyinə və qətiyyətinə dair güclü mesaj verir", – bəyanatda vurğulanıb.
Macarıstanın baş naziri Peter Madyar bundan əvvəl bildirib ki, Budapeşt ilə Kiyev arasında Ukraynadakı 100 min nəfərlik macar azlığının hüquqları ilə bağlı razılıq əldə olunub. Madyarın sözlərinə görə, Budapeştin Ukraynanın Aİ-yə üzvlüyünü dəstəkləməsi üçün bu mübahisənin həlli vacib şərtdir.
Ukrayna və Moldova Kiyevlə Moskva arasında dörd ildir davam edən müharibə fonunda 27 üzvdən ibarət Avropa İttifaqına üzv olmağa çalışır.