Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) noyabrın 10-da bildirib ki, Ukrayna kəşfiyyatının Rusiyaya məxsus MiQ-31 qırıcısını qaçırmaq əməliyyatı alınmayıb. Bu qırıcı "Kinjal" qanadlı raketlərinin daşıyıcısıdır, Moskva onlardan Ukraynaya zərbələrdə istifadə edir.
FSB əməliyyatda "Bellingcat" araşdırma qrupunun əməkdaşının da iştirak etdiyini bildirib. Bu layihə Putin rejiminin cinayətlərini araşdırır, Rusiyada "arzuolunmaz təşkilat" və "xarici agent" kimi tanınır. FSB təmsilçisi "Rossiya-24" telekanalının efirində deyib ki, ""Bellingcat" Britaniyanın Gizli Kəşfiyyat Xidmətinin (MI6) nəzarətindədir".
FSB-nin iddiasına görə, "Bellingcat" əməkdaşı MiQ-31 pilotu ilə əlaqə saxlayıb.
"Qırıcını qaçırması təklif edilən pilotun dediyinə görə, 2024-cü ilin payızında onunla bir nəfər əlaqə saxlayaraq özünü nəşrin jurnalisti kimi təqdim edib, jurnalist kartını göstərib. Həmin şəxs qırıcıya dair məlumatları guya jurnalist yazısı üçün topladığını deyib", – FSB təmsilçisi bildirib.
FSB-nin iddiasına görə, qırıcını NATO-nun Rumıniyadakı aviabazası ərazisinə yönəltmək, orada isə hava hücumundan müdafiə vasitələri ilə vurmaq planlaşdırılırmış və bu insident Rusiya əleyhinə istifadə olunacaqmış.
Ukrayna və Britaniya bu iddiaları şərh etməyib. "Bellingcat" isə daim müstəqilliyini vurğulayıb, yalnız Rusiyanın deyil, digər ölkə təmsilçilərinin də törətdiyi cinayətləri araşdırdığını bildirib.
"Mi-8"i qaçıran pilot İspaniyada öldürülüb
2023-cü ildə rusiyalı hərbi pilot Maksim Kuzminov "Mi-8" vertolyotunu Ukrayna ərazisinə qaçırtmışdı. O, Ukrayna ilə əlaqə saxlayıb, ona qaçırma planı təklif olunub, həmin il avqustun 9-da Kuzminov bunu həyata keçirib.
Hadisə zamanı vertolyotda Kuzminovdan başqa daha iki ekipaj üzvü olub. Onlar pilotun qarşısını almağa çalışıb, enişdən sonra sərhədə doğru qaçıblar. Ukrayna mətbuatı hər ikisinin öldürüldüyünü yazıb.
Hadisədən sonra Kuzminov İspaniyada başqa adla yaşayıb. O, 2024-cü ilin fevralında İspaniyanın Alikant şəhərində öldürülüb. Təhqiqatçılar Rusiya xüsusi xidmətlərinin iştirakından şübhələnirlər. Qonşusu onun "Makarov" tapançasından çoxsaylı güllə yaraları almış meyitini qarajın yanında tapıb.
2022-ci ilin yayından FSB Ukrayna kəşfiyyatının bir neçə oxşar əməliyyatının üstünü açdığını bildirib.