BMT qurumu Ukrayna üzərində 'Boeing' qəzasında Rusiyanı günahlandırır

MH17 reysinə atılan "Buk" raketinin bir hissəsi.

Mayın 12-də Birləşmiş Millətlər Təşkilatının (BMT) Aviasiya Şurası ümumilikdə 298 sərnişin və ekipaj üzvünün ölümünə səbəb olan Malayziyaya məxsus sərnişin təyyarəsinin Ukrayna səmasında vurulmasına görə Rusiyanın məsuliyyət daşıdığını müəyyən edib.

Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) Şurası 2014-cü il iyulun 17-də "Malayziya Hava Yolları"na məxsus MH17 reysinin vurulması ilə bağlı Rusiyanın beynəlxalq hava hüququ üzrə öhdəliklərini yerinə yetirmədiyini bildirib.

Şura Avstraliya və Niderlandın təyyarənin vurulması ilə bağlı Beynəlxalq Mülki Aviasiya Təşkilatına təqdim etdiyi iddiaların 'həm fakt, həm də hüquq baxımından əsaslandırılmış' olduğu qənaətinə gəlib

ICAO əlavə edib ki, şura öz tarixində ilk dəfədir ki, üzv dövlətlər arasında mübahisənin mahiyyəti üzrə qərar qəbul edib.

"Malayziya Hava Yolları"na məxsus MH17 reysi Amsterdamdan Kuala-Lumpura uçarkən Rusiyapərəst separatçılarla Ukrayna qüvvələri arasında döyüşlərin getdiyi vaxtda Ukraynanın şərqində raket ilə vurulub. Ölənlər arasında 196 Niderland vətəndaşı və 38 Avstraliya vətəndaşı olub.

Niderlandlı hakimlər 2022-ci ilin noyabrında iki rusiyalı və bir ukraynalını təyyarənin vurulmasında roluna görə qiyabi şəkildə təqsirli biliblər. Moskva bu hökmü "skandal" adlandırıb və vətəndaşlarını ekstradisiya etməyəcəyini bildirib.

Niderlandın xarici işlər naziri Kaspar Veldkamp deyib ki, "ICAO Şurasının səsverməsi MH17 reysinin bütün qurbanları, onların ailələri və yaxınları üçün həqiqətin bərqərar edilməsi və ədalətin əldə edilməsi istiqamətində əhəmiyyətli addımdır".

Veldkamp Niderland hökumətinin bəyanatında bildirib ki, bu qərar eyni zamanda beynəlxalq ictimaiyyətə aydın bir mesaj verir: dövlətlər beynəlxalq hüququ cəzasız şəkildə poza bilməzlər.

Avstraliyanın xarici işlər naziri Penni Vonq deyib ki, onun ölkəsi bu qərarı alqışlayır. Nazir sözügedən qərarı "həqiqət, ədalət və MH17 reysi qurbanları üçün məsuliyyətin təmin olunması yolunda tarixi bir an" adlandırıb və ICAO-nu tez bir zamanda kompensasiya mexanizmlərini müəyyən etməyə çağırıb.

"Qərarı qəbul edərkən ICAO Şurası silahların mülki təyyarələrə qarşı istifadə edilməməsi prinsipini dəstəkləyib", - nazir bildirib.

"Biz Rusiyanı bu dəhşətli zorakılıq aktına görə, nəhayət, öz məsuliyyəti ilə üzləşməyə və beynəlxalq hüquq çərçivəsində tələb olunduğu kimi kobud davranışına görə təzminat ödəməyə çağırırıq", - o əlavə edib.

Niderland hökuməti bəyanatında bildirib ki, ICAO yaxın həftələrdə hansı növ təzminatın uyğun olacağını nəzərdən keçirəcək.

XİN rəhbəri Veldkamp bildirib ki, Niderland və Avstraliya ICAO Şurasından Rusiyanı təzminatlarla bağlı danışıqlara başlamağa çağırmağı istəyir.

BMT-nin bir orqanı olan ICAO-nun 193 üzvü var. Bu beynəlxalq qurum ölkələrin Beynəlxalq Mülki Aviasiya Konvensiyasını pozub-pozmadığını müəyyən edir. Konvensiya üzv dövlətlərin mülki təyyarələrə qarşı silah istifadə etməkdən çəkinmələrini tələb edir.

Niderland hökumətinin bəyanatına görə, Şuranın böyük əksəriyyəti 12 mayda qəbul olunan qərarda Niderland və Avstraliyanın mövqeyini dəstəkləyib.