Ukrayna Kupyanskı geri alır

Kupyansk

Z-bloqerlər yazırlar ki, Rusiya Silahlı Qüvvələri Kupyansk ərazisində qalan son mövqelərə də nəzarəti itirmək üzrədir. Bu məqama "Agentstvo" diqqət yetirib.

"Rybar" Telegram kanalının yazdığına görə, Rusiya hərbçiləri Oskol çayının qərb sahilindəki əraziyə nəzarəti itiriblər. Bu Z-kanalın müəllifləri əlavə ediblər ki, Kupyanskda vəziyyət "ağırdan da betədir".

"Rybar" döyüş xəritəsini də yayıb. Şəhərin böyük hissəsinin Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altında olduğu görünür. Ötən cümə günü – dekabrın 19-da şəhərin şimal hissəsi Rusiyanın nəzarətində idi. Kanal müəllifləri bunu "uğurların sistemli şişirdilməsi, yuxarı instansiyalara yanlış məlumatların ötürülməsi" ilə izah ediblər: "Vəziyyətlə bağlı yuxarıya göndərilən yanlış hesabatlar ucbatından Kupyanskda "gərəksiz" sayılan ehtiyatlar digər istiqamətlərə köçürüldü".

"Dva mayora" adlı Z-kanalı qeyd edib ki, Kupyanskın alınması haqda yanlış məlumatlar həmin istiqamətdən ehtiyat qüvvələrin çıxarılmasına, nəticədə hərbçilərin faktiki tutduqları mövqelərdə belə möhkəmlənə bilməməsinə səbəb olub.

Digər Z-kanal – "Voyennı obozrevatel" yazır ki, "gələcəkdə Kupyanskın artıq üçüncü dəfə "azad edilməsi"ni gözləmək olar". İlk dəfə bu barədə noyabrın 20-də prezident Vladimir Putinə məlumat verilib, dekabrın əvvəlində isə o özü şəhərin artıq bir həftədir Rusiya hərbçilərinin nəzarətində olduğunu bəyan edib.

Amma dekabrın 12-də Ukrayna prezidenti Volodimir Zelenski Kupyanska səfər edib. Dekabrın 19-da "Birbaşa xətt" adlı mətbuat konfransında Putin Ukrayna liderinin görüntülərini "saxta" adlandırıb, şəhərin yenə də Rusiyanın nəzarətində olduğunu bildirib.

ISW-nin məlumatına görə, Ukrayna Silahlı Qüvvələri şəhərin böyük hissəsinə nəzarət edir.

Ukrayna Müdafiə Nazirliyinə yaxın "DeepState" layihəsi Kupyansk ətrafındakı xəritəsini dekabrın 12-dən yeniləməyib.